"Qarabağ"ın prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə müsahibə verib:
- Komandanız çempion oldu. Ölkə kubokunu qazanmaq şansınız da var. Həm çempionluq, həm də bu mövsümdəki yarış barədə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm. Mənim üçün ən sevindirici hadisə odur ki, bu, "Qarabağ"ın torpaqlar azad olunduqdan sonra ilk çempionluğudur: "Müstəqil Ağdamın təmsilçisi kimi ilk kubokumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi öz vətənimizdə qeyd etməkdir. Artıq buna nail olduq. Təbii ki, bu, Cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. "Qarabağ" tarixində bir çox ilklərə imza atmış komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik.
- Yeni transferlərlə bağlı məlumat verə bilərsiniz?
- Xeyir. Çünki ölkə xaricindən yeni gəlmişəm. Bu tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəyik. Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdır. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Güman edirəm ki, bu sabitliklə yenidən iddialı olacağımıza inanıram. Gəlin, sizə öz ürək sözlərimi deyim. Yəqin ki, hamınıza maraqlıdır, bundan sonra necə olacaq? Bu mənəvi gündə Qurban hoca ilə söhbətimiz oldu. Bu, reallıqdır ki, "Qarabağ" Azərbaycan millisinə ən çox futbolçu verən klubdur. Amma mən yığmanın hər birimizin ümid etdiyi və layiq olduğu uğurları qazandığına inanmıram. Bu mənada görməli olduğumuz işlər çoxdur. "Qarabağ" bundan sonra Azərbaycan millisinin uğur qazanmasında və yerli futbolçuların yetişməsində real iş görməlidir. Artıq özümüzə qayıtmalıyıq. Qarşıdakı 4-5 ildə qarşımıza mütləq hədəf qoyacağıq ki, komandamız millinin inkişafında öz məsuliyyətini hiss edərək oynasın. Ona görə də növbəti məqsədlərimiz Çempionlar Liqasında 2-3 mərhələ keçmək yox, oyunçu yetişdirmək olacaq.
- Qarabağ torpaqlarından söz açdınız. Ağdamda yeni stadion tikiləcək. Çox maraqlıdır, bu barədə klub səviyyəsində müzakirəniz olubmu?
- Bəli. Atam Gözəlin də dediyi kimi, ermənilər işğal altındakı torpaqları talan ediblər. Həmin ərazilər illərlə diqqətdən kənarda qalıb. Sevindiricidir ki, Cənab Prezident bizimlə görüş zamanı stadionun inşası ilə bağlı nazirliklərə tapşırıq verdi. Mən də həmin görüşə dəvət olunmuşdum. "Qarabağ" klubu olaraq, əlimizdəki bütün imkanlarla bu yolda canla-başla işləyəcəyimizi bildirdim. Əminəm ki, Ağdamda tezliklə gözəl stadion tikiləcək. Bütün oyunlarımızı orada keçirib-keçirməyəcəyimizi bilmirəm. Amma əsas matçlarımızı orada oynayacağıq. Mənim ən böyük arzum budur.