Bu yanaşma sağlam ictimai mühit yaratmır

Son günlər deputat Razi Nurullayevin qardaşı oğlunun toyu ətrafında ciddi müzakirələr və təəssüf ki, aqressiv tənqidlər müşahidə olunur. Məsələyə bir anlıq emosiyadan kənar, sağlam məntiqlə yanaşmaq faydalı olardı.

Əvvəla, bu toy dövlət tədbiri deyil, büdcə hesabına keçirilməyib və deputatın səlahiyyət dairəsinə daxil olan məsələ deyil. Toyu təşkil edən şəxs Hasil Nurullayevdir. O uzun illərdir Rusiyada çalışan, biznes fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı Rusiya vətəndaşı olan bir iş adamıdır. Qazandığını öz zəhməti ilə qazanıb və şəxsi ailə tədbirini də öz imkanı çərçivəsində keçirib. Məgər, bir deputat qohumunun şəxsi həyatına görə siyasi məsuliyyət daşımalıdırmı?Xeyr. Cəmiyyətdə çox təhlükəli bir tendensiya formalaşır. Kiminsə uğurunu, imkanını və ya ailə sevincini avtomatik olaraq linc mövzusuna çevirmək. Bu yanaşma sağlam ictimai mühit yaratmır. 

Bir məsələyə də toxunum. Hasil Nurullayev illərdir Azərbaycanda xeyriyyəçiliklə məşğuldur. Sadəcə bunu reklam etməyib, paylaşmayıb, nümayiş etdirməyib. Çünki xeyirxahlıq səssiz olanda daha dəyərlidir. Halallıq da bəzən məhz bu səssizlikdə gizlənir.

Deputat Razi Nurullayevə gəldikdə isə o, iki çağırışdır Milli Məclisdə təmsil olunur, mütəmadi olaraq ali tribunadan sosial problemləri, seçicilərin maraqlarını dilə gətirən çıxışlar edir, təkliflərlə çıxış edir. Cəmiyyət olaraq məmurun ailə tədbirini yox, deputatın siyasi fəaliyyətini müzakirə etməliyik. Əgər bir deputat açıq danışırsa, xalqın dərdini qaldırırsa, problemləri səsləndirirsə belə insanlara təzyiq yox, stimullaşdırma lazımdır. Əks halda, susan, risk etməyən, heç nəyə toxunmayan məmurlar çoxalacaq.

Linc mədəniyyəti inkişaf gətirmir. Aşağılamaq güc deyil. Küyə getmək prinsipiallıq deyil. Bu cür davranışlar adətən öz həyatında uğur qazana bilməyən, başqasının uğurunu isə həzm edə bilməyən insanların mövqeyidir. Hər kəs öz həyatına, öz əməlinə cavabdehdir. Toy toy olaraq qalmalıdır. Siyasət isə siyasət kimi dəyərləndirilməlidir.

Ehtiram Mehdiyev,

Milli Cəbhə Partiyası - MCP