"Nə Milli Şurada, nə də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında Yeni Azərbaycan Partiyasının (YAP) heç bir üzvü yoxdur. Daha öncələr Milli Şuradakılar belə bir halın baş verdiyini dəfələrlə bəyan etsələr də, nəticədə bir fakt ortaya qoya bilmədilər”. Bu fikirlər YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ADR Hərəkatının sədr müavini Vurğun Əyyubun adıçəkilən qurumda YAP-çıların da təmsil olunması iddiasına münasibətini açıqlayarkən deyib.YAP rəsmisi qeyd edib ki, bütün üzvlərimiz partiyamızın ətrafında sıx birləşib, partiyanın sıralarında bundan sonra da fəaliyyət göstərmək niyyətindədirlər: "İnanmıram ki, kimsə YAP-ın sıralarını tərk edib, məqsəd və vəzifəsi müəyyən olunmayan hansısa bir təşkilatda təmsil olunsun”.
Siyavuş Novruzov həmçinin vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yüksək nüfuzu bu kimi siyasi qurumların sui-istifadə amilinə çevrilir. Belə ki, YAP-ın xalq arasındakı siyasi imici kifayət qədər yüksəkdir və müxalifət özünü gündəmdə saxlamaq üçün reklam xatirinə bu kimi çıxışlar edir: "Təbii ki, onlar bu addımı atmaqla çalışırlar ki, təşkilatlarına daha çox üzv cəlb etsinlər. Çünki onlar yaxşı anlayırlar ki, başqa cür ətraflarında tərəfdaş toplaya bilməyəcəklər. Nəticədə siyasi gündəmdə qalmaq xatirinə yenə də ölkənin ən güclü siyasi təşkilatının adından istifadə etməyə cəhd göstərirlər. Bunu ancaq YAP-ın adından özünüreklam kimi dəyərləndirə bilərəm”.