Həmrəy olmaq hər bir xalqın birliyini, möhkəmliyini əks etdirən canlı sərvətdir.
Tarixin ağır sınaqlarından üzüağ çıxan qalib Azərbaycan xalqı təqib və çətinliklərə məruz qalmasına baxmayaq öz birliyini daim qoruyub saxlayaraq onu günümüzə qədər gətirib çıxartmağa nail olub.
1991-ci ilin 16 dekabrında Naxçıvan Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan Respublikası Ali Məclisii 6 bənddən ibarət qərar qəbul etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi.
Beləliklə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi dövlət bayramı oldu.
31 dekabr milli birliyimizin təntənəsi, hamımızın birləşdiyi azərbaycançılıq ideologiyasının və məfkurəsinin zirvəyə çatdığı gündür.
Bu gün yer üzündə yaşayan hər bir azərbaycanlının milli kimliyi, milli iradəsi onun azərbaycançılıq ideologiyası ətrafında birləşməsidir.
Ümummilli lider Heydər Əliyev təkcə xilaskar, qurucu lider deyil, həm də birləşdirici sima kimi həmrəyliyimizin baş ideoloqu olmuşdu. Xalq, vətəndaş həmrəyliyinə nail olan Ulu öndər xaricdə yaşayan azərbaycanlıların mənəvi birliyinə çalışmış, onların vahid ideya ətrafında birləşmələrinə geniş yol açmışdı. Böyük strateq dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamaqla onların azərbaycançılıq ideologiyası əsasında həmrəyliyini təmin etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyinin təşkilati təsdiqi kimi 2001-ci ildə Dünya Azər¬bay¬canlılarının Bakı şəhərində I qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. 400-dən çox nümayəndənin iştirak etdiyi bu qurultay mahiyyət baxımından həmrəylik oldu.
Ümummili Liderin siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyev dünya azərbaycanlılarının vahidləşməsi istiqamətində uğurlu və məqsədyönlü işlər aparıb. Diaspor siyasəti məqsədə uyğun, çevik və müasir tələblərə cavab verən istiqamətdə aparıldı. Xaricdə yaşayan azərbaycanlılar Vətənlə bağlı proseslərə fəal qoşuldular, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına önəmli dəstək verdilər.
Prezident İlham Əliyevin liderliyi ilə bütün sahələrdə əldə olunmuş uğurlar diaspor fəaliyyətində də özünü aydın göstərməyə başladı. Bu uğurlu siyasət onunla nəticələndi ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor hərəkatı yeni mərhələyə yüksəldi. Bunun ardınca vahid gücə çevrilən diaspor təşkilatlarımız Azərbaycan uğrunda fəal mübarizəyə başlayaraq əməli işlərini fəaliyyətləri ilə nümayiş etdirdilər.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın fəallığı, haqlı mübarizəmizin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi qələbəmizə layiqli töhfə oldu. Bununla yanaşı, milli birliyimizin rəmzinə çevrilmiş “Dəmir yumruq” dünyaya bir daha onu sübut etdi ki, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün milli maraqlar öndədir, heç bir qüvvə, kənar müdaxilələr xalq- lider birliyinə xələl gətirə bilməz. Sarsılmaz olan bu birliyin mayası halallıqdan, sevgidən yoğrulub.
2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezidenti İlham Əliyevin nitqi həmrəylik konsepsiyasının yeni prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısı Vətən müharibəsi dövründə xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın fəaliyyətini dəyərləndirərək onların vahid amal ətrafında birliyini yüksək dəyərləndirib. Müharibə başa çatsa da, ölkəmizə qarşı olan ədalətsizliklər hələ bitməyib. Ona görə də, yeni çağırışlar dövründə birliyimiz, həmrəyliyimiz davamlı olmalı, Ermənistanın və dünya ermənilərinin Azərbaycana qarşı təxribatlarının qarşısının alınması üçün hər bir azərbaycanlı mübarizliyini qoruyub saxlamalıdır. Xüsusilə də, xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni vəzifələr düşür, onlar müxtəlif ölkələrin ictimaiyyətinin maarifləndirilməsi işində fəal olmalı, Azərbaycanın yaratdığı müasir reallıqlar, geosiyasi proseslər barədə informasiyaları çevik və operativ şəkildə çatdırmalıdır.
Böyük Zəfərimizdən sonra dünya azərbaycanlıları “Mən azərbaycanlıyam” ifadəsini daha ucadan, gur səslə, fəxrlə deyirlər. Artıq 5-ci ildir ki, dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalqın nümayəndələri kimi qeyd edirlər. Onlar dünyada özlərini qürurla, alnıaçıq, üzüağ yaşayırlar. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi sağlam təməllər üzərində qurulub. Bu birlik bizi daha güclü edir.
Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Rəhimzadə Fərahim BDU tələbəsi