Vasif Talıbov Türkiyə generalları ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi general-polkovnik Ömər Paç və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədə əlaqələrin əsasının ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrlərdə qoyulduğunu deyib. Ötən dövrdə hərbi sahədə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Ali Məclisin Sədri qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd edib.
 
Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini diqqətə çatdırıb, xüsusilə hərbi tibbi xidmətin təşkili sahəsində bundan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıbdır.
 
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, Gülhanə Hərbi Tibb Akademiyasının rəisi general-polkovnik Ömər Paç Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Ömər Paç Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirib, Naxçıvan səfərinin əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edibdir.
 
Söhbət zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi tibbi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi qeyd olunub.