"Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyanın Vyanada keçirilmiş görüşdə Dağlıq Qarabağ kriminal rejiminin nümayəndəsinin iştirak etməməsinə Azərbaycan tərəfinin razılıq verməməsinin səbəb olması barədə söylədikləri ağ yalandır və həqiqətə uyğun deyil”.
sabahinfo.az xəbər verir ki, bunu virtualaz.org-a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşdə Qarabağ separatçılarının iştirakı ilə bağlı təklif heç kim, o cümlədən Ermənistan nümayəndələri tərəfindən irəli sürülməyib”, - H.Hacıyev bildirib.
"Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buna görə də, münaqişə iştirakçısı kimi bütün məsuliyyət erməni tərəfiunin üzərinə düşür”, - XİN mətbuat xidmətinin rəhbəri sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, bu gün Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyan "Ermənistan xəbərləri” portalına müsahibəsində bildirib ki, Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsinin Vyana görüşündə iştirak etməməsinə səbəb Azərbaycanın bunu istəməməsi olub.