Cavanşir Feyziyev: "Sonuncu hərbi əmr" çağdaş Udmurt - Azərbaycan ədəbiyyatları arasında ilk mənəvi körpüdür...

Çağdaş udmurt ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı Dr.Cavanşir Feyziyevdir. Dəyərli alimin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik:

Cavanşir Feyziyev: "Sonuncu hərbi əmr" çağdaş Udmurt - Azərbaycan ədəbiyyatları arasında ilk mənəvi körpüdür...

Dr. Cavanşir Feyziyev

Azərbaycan Respublikası

Milli Məclisinin millət vəkili
 

Udmurt xalq yazıçısı Vyaçeslav Ar-Serginin "Sonuncu hərbi əmr" kitabına Ön Söz...

Obrazların mənəvi-əxlaqi portretini yaratmaq, hadisə və gedişatları geniş şəkildə, xırdalıqları ilə təsvir etmək povest və romana nisbətən hekayə üçün daha çətindir. “Hekayə nəsrin desant janrı olduğu üçün” burada intellekt, elm və savaddan başqa kamil və özəl fitri istedad, obrazlı təfəkkür önəmli rol oynayır. Çağdaş Udmurt ədəbiyyatının görkəmli nümayəndəsi, Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Sergi dərin müşahidə və axtarışlar, yaradıcılıq təcrübəsi, kamil bədii-ümumiləşdirmələr, elmi təfəkkür və bədii təxəyyülünün köməyi ilə hekayəyə povest və romanlarda olduğu qədər bədii həyat materialı yerləşdirə bilir. Bu, ədibin bədii dil və üslub imkanlarının genişliyini göstərir.

O, bunu həm də oxucuların tam məmnun qalacağı bir formada, onları duymağa, düşünməyə, nəticə çıxarmağa sövq edərək, onlarda təbii, səmimi hisslər oyadaraq, qələmə aldığı hər bir hadisənin, yaratdığı obrazın (yazdığı hər bir əsərin!) gələcək taleyini düşünərək və nəhayət yazıçı şəxsiyyətini qoruyaraq həyata keçirir.

Vyaçeslav Ar-Serginin hekayələrinin başlıca mövzusu insanın mənəvi-əxlaqi kamilləşmə yolu, ruhən təmizlənməsi, günahlarını və yanlışlarını dərindən dərk edib durulması, saflaşması ilə bağlıdır. Onun əsərləri dil, üslub, sənətkarlıq, həm də poetik prinsip baxımından orijinallığı ilə seçilir. Fərdilik və fərqlilik, özünəməxsusluq Udmurt yazarının yaradıcılığının əsas məziyyətləridir. Onun hekayələrində üz tutduğu mövzular ilk baxışda sadə görünsə də, dərin məzmunu, daşıdığı məna yükü, bədii sambalı, ədəbi tutumu, zəngin təsir gücü, yüksək sənətkarlıq özəlliyi ilə seçilir və səmimi, inandırıcı təqdimatı həmin hekayələri həqiqi sənət örnəyi səviyyəsinə yüksəldir.

Göylər belə doluxsunub ağladı”, “Sonuncu hərbi əmr”, “Üç general”, Moqdos”, “Vəhşi ləpiri”, “Toranlıqda yad qadın”, “Şurdoşura gedən yol”, “Nit”, “Padış itib” hekayələrində müəllif həyatın sosial mənzərəsini təsvir etməklə yanaşı, yaşananların insan mənəviyyatında doğurduğu konkret, retrospektiv cəhətləri peşəkarlıqla qələmə alıb.

Vyaçeslav Ar-Sergi şair kimi poeziya janrının, şeirin ən əlvan örnəklərini yaratmağın yanısıra prozasında mövcud cəmiyyətin tipik mövzularını, qayğılarını (milli və bəşəri məsələlərini), mürəkkəb insan xarakterlərini özəl boyalarla əks etdirib və yazıçı istedadının poetik sirlərini canlandırıb. O, hekayələrinin özünəxas poetikası var – və “...”məni bir şair yazıb” deyə səslənir” desək günah olmaz...

Vyaçeslav Ar-Sergi yaradıcılığında güclü psixologizm müşahidə olunmaqdadır. Ədibin psixologizminin mahiyyəti müxtəlif obrazların düşdüyü durumu, təsvir olunan hadisələrin təzadlarından, habelə, toplumun psixologiyasından doğur. Ar-Serginin psixologizmi doğma xalqının gələnəkləri və sosial gerçəkliyin öz doğası ilə çulğalaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir...

Ədibin həssas müşahidə qabiliyyəti, zəngin erudisiyası və bədii təxəyyülü dincliyi pozulmuş dünyamızın sosial-siyasi problemlərini, həyatımızın mənəvi-psixoloji yönlərini açıb göstərməyə yetir. O, əsərləri ilə insan xarakterini aşınmaqdan, ruhunu çirklənməkdən, mənəviyyatı aşınmaqdan qoruyan aydınlardandır.

Ədibin, demək olar, bütün nəsr əsərlərində, özəlliklə də, “Üç general”, “Vəhşi ləpiri”, “Moqdos”, “Şurdoşura gedən yol” hekayələrində mənəvi cəhətdən şikəst insanların və bunları doğuran obyektiv, subyektiv səbəblərin mahiyyəti, toplumdakı sosial haqsızlıq və ədalətsizliklərin ailələrə, talelərə gətirdiyi psixoloji-fəci ağrılar əks olunub.

Vyasçeslav Ar-Serginin “Sonuncu hərbi əmr”, “Nit”, “Göylər belə doluxsunub ağladı” hekayələri bəzi məqamlarda avtobioqrafik məzmunu ilə diqqəti çəkməkdədir. Ədib yüksək bədii dil və sənətkarlıqla, sirayətedici üslubla qələmə aldığı hər bir hekayəsində həyatın, yaşadığı illərin estetik şərhini verir. Hadisə, gedişat və durumların tamlığı, hissi-idraki məqamların ardıcıllığı, bütün bunların kamil obrazlılıqla təqdim olunması, haqlı olaraq, oxucuda Vyaçeslav Ar-Serginin yüksək nasirlik səviyyəsi, dil-üslub kamilliyi, dərin müşahidə qabiliyyətinin olması ilə bağlı fikir formalaşdırır.

Ar-Serginin əsərlərini oxuyarkən biz həyatın təzadlarından törəyən fərdi-psixoloji proseslərin insanın şüuraltında inikasının və ümumi-ictimai yük daşıyan ziddiyyətlər sisteminin, güclü emosiya doğuran epizodların, fikirlə hissin bölünməz vəhdətinin, yazıçının hər addımda oxucunu gözlənilməzlik qarşısında qoya bilmək bacarığının şahidi oluruq.

Bəli, Ar-Sergi ilk növbədə şairdir. Yuxarıda da vurğuladığımız kimi, məhz şair olduğundan, elə bu keyfiyyətinə görə də ədibin nəsrində bir şeiriyyət, şeir duyumluluğu var. Yazıçı bəzən mürəkkəb, hətta mücərrəd görünən fikirləri, hissləri belə oxucuya son dərəcə təbii və doğma axarda – olduqca poetik təqdim edə bilir.

Oxuduqca sanki rastlaşdığın hadisələr gözünün önündə kino lenti kimi canlanır, obrazların fikir, düşüncə, istək və əzab aləmləri oxucuya aydın şəkildə təqdim olunur. Bu mənada, biz Vyaçeslav Ar-Serginin bədii nəsrində qəhrəmanların mənəvi dünyasını, bu dünyanın özəyini görür, obrazın ruhi gücü ilə qarşılaşırıq.

Obrazın yaşantılarını, iç dünyasını, qəribə ruh hallarını, psixologiyasını aydınlaşdırmaq, onu müxtəlif paradokslarla qarşılaşdırmaq, fərdi özəlliklərlə ümumbəşəri ahəngin ayrılmaz vəhdətini fəlsəfi-psixoloji aspektdə təhlil etməyə can atmaq ədəbiyyat tarixinin bütün dönəmlərində - ən qədim miflərdən tutmuş, yüksək inkişaf mərhələsində olan bugünkü ədəbiyyatlara qədər həmişə diqqət mərkəzində olub. Ar-Sergi də gerçəkliyin adi və qeyri-adi cəhətlərini götürür, öz qəhrəmanını qəribə daxili, xarici durumlara salır və oxucunu heyrətləndirən doğruluqla insanın ruh halı haqqında danışır. Fərd və toplum, insan və dünya, əxlaq və mənəviyyatsızlıq problemi Vyaçeslav Ar-Serginin həm poeziyasında, özəlliklə də nəsrində konkret hissi formalarda öz bədii təcəssümünü tapıb. Əsərlərində ümumən bir genişlik, çoxqatlılıq və epiklik duyulur. Tənqidi-satirik, ironik ifadə tərzinin dərinliyi, dramatizmin qüvvətli yumorla birləşməsi, bədii formanın kamilliyi və zənginliyi Vyaçeslav Ar-Sergi nəsrinin əsas özəllikləridir. Onun təkcə nəsrinə deyil, ümumilikdə poeziyasına, bütün yaradıcılığına xas olan humanizm oxucuda dərin mənəvi aləm formalaşdırır və insanı əxlaqiyə bütövlüyə, kamilliyə, özünüdərkə yönləndirir.

Ədibin hekayələrinin hər birində mənəvi-əxlaqi məsələlərin işıqlı mövqelərdən maraqlı həllinə və insan xarakterlərinin orijinal boyalarla təsvirinə rast gəlirik. Yazıçının əsərlərinin dili xalq danışıq dilində olduğu qədər canlı və anlaşıqlı, üslubu, sujeti, bədii quruluşu isə olduqca təbii və sadədir.

Şair olduğu üçün Vyaçeslav Ar-Serginin nəsr dili haqqında daha bir neçə söz demək istərdik.

Bədii əsərlərin dili haqqında dilçi alimlər iki maraqlı fikir irəli sürür: birinci fikrə görə, “bədii əsərin dili diqqətlə düşünülmüş, həm də olduqca sadə olmalıdır. Diqqətlə düşünülmüşlük təhkiyənin tam təbiiliyinə qətiyyən mane olmamalıdır”.

Dilçi alimlərin irəli sürdüyü ikinci fikrə görə, “bədii nəsr elə yazılmalıdır ki, o, xüsusi quruluşla, xüsusi nizamla və xüsusi intonasiya ilə seçilsin”. Bu anlamda, Vyaçeslav Ar-Serginin nəsr dili diqqətlə düşünülmüş dildir; lakin bu düşünülmüşlük hiss olunmur, çünki müəllifin dili həm də təbii, canlı, axıcı, ahəngdar və koloritlidir.

Bədii əsərin dili adi gündəlik məişət üslubundan fərqli olaraq, bədii və obrazlı, müəyyən qədər də koloritli olmalıdır. Yəni söz adamı (şair, yazıçı-dramaturq, publisist, esseist...) adi adamların danışığında olduğu kimi əhvalat söyləməklə, təsvirçiliklə öz yaradıcılıq görəvini, məramını yekunlaşmış hesab etməməlidir. Çünki bədii dilin öz alqoritmi, ahəngi, çiçəklənməsi (gülzarı) vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının vəzifəsidir.

Sənətkar (yazıçı, şair) satirik olmaya bilər, amma onun qələmə aldığı həyat həqiqətlərində komizm, sarkazm, istehza, satira, yumor hissi olmalıdır və o fikri üstüörtülü ifadə etmək məqsədilə bunlardan yerli-yerində istifadə etməyi bacarmalıdır. Ar-Sergi də satirik yazıçı deyil, lakin onun əsərlərinin demək olar, böyük çoxunda satirik detalların rolu böyükdür. Hekayələrdəki sarkazm elementləri həm bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, həm də toplumdakı özbaşınalığa ayna tutan satirası (cəsarəti!) oxucu qəlbində Vyaçeslav Ar-Sergiyə böyük rəğbət yaradır.

Yazıçı istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində islahedici, ifşaedici satira vasitələrindən məharətlə istifadə edərək məhz bu yolla sosial-ictimai qüsurların qabardılmasına çalışır, tipi öz dili ilə ifşa etməklə diqqəti xarakterlərin təbiətindəki komizmə, gülünclüyə, naqisliyə yönəldir. “Göylər belə doluxsunub ağladı” hekayəsində müəllif bu anlamda müharibə dövrü adamlarının xarakterini bədii lövhələrlə aça bilir. Bəlkə də, buna görədir – oxucu əsərdən müharibə dövrü kəndinin ümumi panoramını, köklü qayğılarının geniş təsvirini gözləmir. Həyatın törətdiyi ağrı və dəhşət nə qədər ağır olsa belə, insanların qarşılıqlı məhəbbəti, qayğısı qarşısında aciz və gücsüzdür. – Əsərdən çıxan belə bir anlam daha çox diqqəti cəlb edir.

Nit” hekayəsini isə çox sadə, büllur dil, bir qədər kinematoqrafik üslub – sadə həyat materialına uyğun, yatımlı ifadə tərzi fərqləndirir. Bu əsər doğum-ölüm qütbləşməsi üzərində qurulub və oxucunu ilkin, əbədi başlanğıclar barədə düşündürür. Bu iki qütbün arasında isə sonsuzluq problemi durur.

Vəhşi ləpiri” hekayəsi isə orijinal fikirlər düzümündən ibarətdir. Yazıçı insanın taleyi, həyatın anlamı, ölümün labüdlüyü haqqında düşüncələr fonunda Baba və nəvənin ömrünün ayrı-ayrı epizodları ilə bizi tanış edir; oxucunun gözləri önündə onların obrazı canlanır. Əlbəttə, hekayənin nisbətən gizli qalan anlamı daha dərin və genişdir: keçmişlə bu gün arasında olan əxlaqi-mənəvi varislik və babaların mərdliyini, qeyrətini yaşadan gənclərin gələnəklərə sədaqəti...

Vyaçeslav Ar-Sergi oxucunu, dinləyicini bütün məqamlarda gərgin saxlamağa qadir olan istedadlı nasirdir. Oxucu özünü həmin əsərlərdə hadisələrin içində zənn edir, yazıçının təhkiyəsi, demək olar, hiss olunmur. Onun söz açdığı həyat hadisələri hər addımda yeni detallarla, yeni təəssüratlarla dolğunlaşır və bunların hamısı bizim üçün doğma və təbii səslənir.

Yazıçının bədii nəsri nikbin ruhu, incə lirizmi, şirin yumoru, tragik məqamları, komik situasiyaları ilə çağdaş dünya nəsrinin polifoniyasında özünəxas yer tutur. Ədib zəngin yumor və satira vasitələrindən ustalıqla yararlanmaqla sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin ciddi islahına çalışıb; hadisə və xarakterlərin təbiətindəki komizmi, daxili gizlinləri açıb göstərib. Dərin və əhatəli psixologizm Vyaçeslav Ar-Serginin təhkiyəsinin qidasıdır. Onun nəsrində XX və XXI yüzil dünyasının rəngarəng təzadları, toplumun sosial-siyasi, mənəvi aşınmaları, hər cür insan tipinin bədii ifadəsi aydın görünür.

Əgər bir toplumda qaçılmaz mənəvi aşınma prosesi, dəyərlərin itirilməsi varsa, bəlkə də, o, ciddi ədəbiyyatın kölgədə qalmasının, ona biganə yanaşılmağın nəticəsidir... Böyük incəsənət, o cümlədən, ciddi ədəbiyyat toplumdakı naqislikləri sağalda biləcək önəmli təsir vasitəsidir. Zamanın nəbzini tutmayan, mənsub olduğu xalqın dərdlərini dilə gətirməyən, onun sosial-mənəvi qayğılarını bədii həqiqətə çevirməyən ədəbiyyat böyük ədəbiyyat sayıla bilməz. Bu anlamda, Vyaçeslav Ar-Sergi içində bulunduğu toplumu rahatsız edən gerçəklikdən doğan qayğıları özündə əks etdirən, oxucunu düşündürən və doğru yola yönəldən, dərin anlam qatlarına malik qiymətli əsərlər müəllifi kimi tanınmış istedadlı yazıçıdır. O, artıq böyük ədəbiyyat yaradıcılığı yoluna çoxdan çıxıb və bu yolda ləyaqətlə irəliləyir, əsərləri insanı əqli-emosional kamilliyə, mənəvi-əxlaqi bütövlüyə səsləyir. Oxucu onun əsərlərindən və iç dünyasının zənginliyindən bəhrələnib özündə dərin mənəvi aləm formalaşdırmaq imkanı əldə edir.