Cəbi Quliyev: “Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Naxçıvan inkişafın yeni mərhələsinə qədəm qoyub”-MÜSAHİBƏ

Milli Məclisin deputatı Cəbi Quliyev KİV-ə geniş müsahibə verib. O müsahibəsində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı, Cənab Prezident İlham Əliyevin Naxçıvan səfəri və digər məsələlərə toxunub.

-Cəbi müəllim müsahibəmiz müqəddəs Ramazan bayramına təsadüf edir. İlk öncə sizi bu bayram münasibəti ilə təbrik edirik.

-Təşəkkür edirəm. Mən də öz növbəmdə başda Ali Baş Komandan, Cənab Prezident olmaqla Azərbaycan xalqını bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ən xoş arzularımı çatdırıram. Bu il qeyd etdiyimiz bayram bizə daha xoş anlar bəxş etdi. Bildiyiniz kimi Şuşada bayram namazı qılındı. Bu anı 28 il idi ki, gözləyirdik. Şükürlər olsun ki, başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan Ordusu bu sevincli anları bizə bəxş etdi. Eyni zamanda Şuşada cənab Prezidentin iştirakı ilə yeni məscidin təməli atıldı. Allahdan arzu edirəm ki, Şuşa məscidindən ucalan azan səsi, orada oxunan dualar daimi olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Biz hamımız onların ruhu qarşısında baş əyirik.

-Cəbi müəllim Şuşada uzun fasilədən sonra “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu yöndə sizin fikirləriniz maraqlıdır.

-Şuşa Azərbaycanın ürəyidir. Qarabağı Şuşasız, Şuşanı Azərbaycansız təsəvvür etmək olmaz. Şuşa Azərbaycandır! Bəli. Biz uzun fasilədən sonra Şuşaya qayıtdıq. Bu qayıdış bizə mədəniyyətimizi, mənliyimizi, kimliyimizi qaytardı. Bildiyiniz kimi Cənab Prezidentin müvafiq sərəncamı ilə Şuşa Mədəniyyət Paytaxtı elan olunub. Hazırda erməni vandallarının viran qoyduğu digər şəhər və rayonlarımız kimi Şuşada da ciddi quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunların fonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının xüsusi əhəmiyyəti var. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilməsi ölkəmizin zəngin mədəni irsindən xəbər verir. Eyni zamanda sevincidiri haldır ki, bu festivalda Naxçıvandan olan musiqi qurupu da iştirak etdi...

-Cənab Prezident İlham Əliyev mayın 10-da Naxçıvanda səfərdə olarkən bir sıra sosial-infrastrukturların açılışında iştirak etdi. Ümumən bu səfəri necə dəyərləndirirsiniz?

-Cənab Prezidentin Naxçıvana hər səfəri xüsusi önəm daşıyır. Bu səfərlərin Muxtar Respublikanın inkişafında böyük rolu var. Ən önəmli məqam isə bu səfərin şanlı qələbəmizdən sonra ümumilli liderin birinci ad günə təsadüf etməsidir. Naxçıvana səfəri çərçivəsində dövlət başçısı “Ordubad rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib. Bu layihənin icrası nəticəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.

Bu gün Naxçıvanda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri Muxtar Respublikanın dəmir yolu sistemini də əhatə edib. Sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, iş və xidmət üçün hərtərəfli şərait yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub.

Bildiyiniz kimi, Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanın ayrılmaz subyekti olan Naxçıvan çox ağır günlər yaşayıb. Məhz Heydər Əliyevin o çətin günlərdə Naxçıvana rəhbərlik etməsi bu bölgəmizi çoxlu fəlakətlərdən qurtarıb. Ümumilli liderin rəhbərliyi altında blokada şəraitində olan Naxçıvanda ərzaq təhlükəsizliyi, vətəndaş qarşıdurmasının qarşısı alındı. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ulu öndəri Naxçıvanda hakimiyyətdən uzaqlaşdırmaqla, öz əlaltılarını hakimiyyətə gətirərək bu gözəl diyarımızı da Qarabağ torpaqları kimi ermənilərə satmaq istəyirdi. Amma naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşdilər və Naxçıvanı gözlənilən faciələrdən qoruya bildilər. Bu gün isə cənab prezidentin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hər bölgəsi kimi Naxçıvanda durmadan inkişaf edir. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun həyata keçirilən işlərə birbaşa nəzarət etməsi Muxtar Respublikanın həm iqtisadi, həm sosial həm infrastruktur baxımından inkişafı ilə nəticələnib.

- Azərbaycanda həyata keçirilən siyasətin ana xəttini Azərbaycan xalqına xidmət, ölkəmizin inkişafı tutur. Bu baxımdan Naxçıvanda həyata keçirilən gənclər siyasəti barəsində nə deyə bilərsiniz?

-Bildiyiniz kimi ölkə gəncliyinin inkişafı, onların məşğulluq, asudə vaxtlarının təşkili və ən əsası intelektual inkişafı baxımından davamlı işlər, bu yöndə Dövlət Proqramları həyata keçirilir. Hazırda “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə Dövlət Proqramı” həyata keçirilir ki, bu proqram ölkə gənclərinin fəal həyat mövqeynin düzgün formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti sahəsində ciddi uğurlar əldə olunmaqdadır. Gənclərin Muxtar Respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.

Naxçıvanda gənclər siyasətinin ən prioritet sahələrindən biri də gənclərin mütaliə mədəniyyətinin artırılmasıdır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Kitabxanasında, AMEA-nın Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzindəki elektron kitabxanalar, eləcə də “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı gənclərin mədəni inkişafı, dünyagörüşünün zənginləşdirilməsi sahəsində atılan mühüm və vacib addımdır.

Eləcə də Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam gənclərin bütün sahələrdə inkişafına hesablanmış dövlət proqramıdır. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov gənclərlə bağlı çıxışında demişdir: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən əsasən təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.

Ədil Ədilzadə