Cəbrayılda smart televizorlar istehsal ediləcək

Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Taube Electronics" MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.