"Cəmiyyət də məhz bu tezisi yol xəritəsi kimi qəbul etməlidir"

“Prezident İlham Əliyevin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə post-müharibə dövründə açıq qalmış kimi görünən, yaxud cəmiyyətə bu cür təqdim edilməyə çalışılan bir sıra məsələlərə, o cümlədən Laçın dəhlizi və Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı müzakirələrə nöqtə qoydu. Biz Prezidentin müsahibəsinin məhz bu kontekstinə iki istiqamətdən yanaşa bilərik. Birincisi, sülhməramlıların yerləşməsindən asılı olmayaraq Laçın dəhlizi ilə bağlı son sözün sahibi Azərbaycandır və milli maraqlarımızın tələb etdiyi istənilən anda dəhlizin fəaliyyətinə müdaxilə etmək imkanındayıq. Azərbaycanın Laçın dəhlizi üzərində suveren hüququna kimliyindən asılı olmayaraq heç bir qüvvə mane ola bilməz. Üstəlik, bu tezis cənab İlham Əliyevin çıxışının analizindən gəlinən məntiqi nəticə deyil, dövlət başçısı fikrini açıq mətnlə ifadə etdi ki, “Fransada prezidentliyə namizəd Valeri Pekres və onu müşayət edən kiçik heyətin səfərindən xəbərimiz olsaydı ki, biz onları birmənalı olaraq geri buraxmayacaqdıq, Laçın dəhlizi bizim nəzarətimiz altındadır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, diqqət edilməli digər məqam birbaşa Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlıdır: “Dövlət başçısı çox incə bir sərhəd müəyyən edərək ümumi fəaliyyət və fəaliyyətin ayrı-ayrı istiqamətləri arasında fərq qoyulmasının vacibliyini bəyan etdi. Bəli, dövlət başçısının özünün dediyi kimi sülhməramlıların fəaliyyətində haqlı olaraq Azərbaycan tərəfdə qıcıq doğuran məqamlar var. Məsələn, Xankəndiyə Azərbaycandan icazəsiz ayrı-ayrı şəxslərin, ictimai-siyasi xadimlərin səfərlərinə göz yumulması, habelə sülhməramlıların demoqrafik prosesə müdaxilə cəhdləri belə məqamlardandır. Cənab İlham Əliyev açıq şəkildə ortaya qoyduğu statistikadan bəlli olur ki, Xankəndinə gələn maşınların cəmi 9 faizi, qayıdan maşınların isə 54 faizi, həm də daha ciddi formada yoxlanılır. Məqsəd odur ki, ermənilər Qarabağı tərk etməsin. Təbii ki, bu, qəbuledilməzdir, sülhməramlıların missiyası ilə daban-dabana ziddir. Bu mənada cənab İlham Əliyevin səsləndirdiyi statistika Azərbaycanın bölgədə əməliyyat şəraitinə tam nəzarət etiyinin göstəricisidir və heç şübhəsiz ki, Rusiya sülhməramlıların fəaliyyətinə çəki-düzən verməsinə, bütövlükdə yuxarı komandanlığın bu barədə bir daha düşünməsinə səbəb olacaq. Lakin, bu iki amil bütövlükdə sülhməramlıların ümumi fəaliyyətinə qiymət vermək üçün həlledici meyar kimi götürülməməlidir. Dövlət başçısının da qeyd etdiyi kimi “Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşmalıyıq””.

B.Məhərrəmov, həmçinin bildirib ki, sülhməramlıların ötən bir il ərzində bölgədə mövcudiyyəti Azərbaycan-Rusiya münasibətlərində yeni element yaradıb: “Bu, əlaqələrimizi daha da dinamik edib, prezidentlər və digər səviyyələrdə təmasları intensivləşdirib. Bir sözlə, sülhməramlı missiya ikitərəfli əlaqələrə müsbət təsir göstərib. Nəzərə alsaq ki, Rusiya bölgənin ciddi hərbi-siyasi gücüdür, üstəlik, Rusiya-Azərbaycan münasibətlərinin korlanması başda Ermənistanın havadarları üçün başlıca hədəfdir, deməli, Moskva-Bakı arasında əlaqələrin güclənməsi milli maraqlarımıza tam cavab verir. İkincisi, Ermənistan-Azərbaycan sərhədindən fərqli olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın suveren ərazilərində ciddi hərbi qarşıdurma, yaxud insidentlər olmayıb. Bu da çox ciddi nüansdır. Bu mənada, dövlət başçısı sülhməramlıların funksiyalarını müsbət qiymətləndirdiyini bildirdi”.

Parlament üzvü hesab edir ki, cəmiyyət də məhz bu tezisi yol xəritəsi kimi qəbul etməlidir: “Hər bir halda ölkənin ən informasiyalı şəxsi, bizi son bir neçə yüz il ərzində ilk dəfə qalib xalqa çevirən lider əgər sülhməramlıların fəaliyyəinin bütün aspeklərini, mənfi və müsbət cəhətlərini ümumiləşdirib belə qənaətə gəlibsə, bu kimi həssas məsələlərdə psevdo “vətənsevərlik” duyğuları ilə vətəndaşların hissləri üzərində manipulyasiya etməyə, cəmiyyəti çaşdırmağa, Rusiya ilə münasibətlərdə neqativ meyillər yaratmağa ehtiyac yoxdur”.