İlin idman yekunları çərçivəsində Prezident İlham Əliyevlə görüş, təltif və mükafatlandırmalar idmançılarımız üçün böyük stimuldur. Belə ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir. 27 ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir.
Yola saldığımız 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu. 1700-ə yaxın medal qazanan idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. Təbii ki, ilin ən böyük yarışı - Yay Olimpiya Oyunlarında komanda hesabında Azərbaycanın 30-cu yerdə qərarlaşması əsas uğurlarımızdan biridir.
Gələn il Azərbaycanın növbəti böyük idman yarışı - MDB Oyunlarına ev sahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir. Gəncə şəhəri də MDB Oyunlarının mərkəzi kimi bu tədbirlərə xüsusi hazırlaşır.
Bütün uğurların təməlində ölkədə uğurla həyata keçirilən idman siyasəti dayanır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda müasir standartlara uyğun idman infrastrukturu yaradılır. Hazırda bölgələrdə 44 Olimpiya İdman Kompleksi qurulub. Eyni zamanda azad olunmuş ərazilərdə də yeni idman infrastrukturu yaradılır. Dövlət başçımızın da söylədiyi kimi, xüsusilə azad olunmuş ərazilərdə yaradılan idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdamın İmarəti, Xankəndi stadionu, Füzulinin Olimpiya İdman Kompleksi, Suqovuşan və Köndələnçayda avarçəkmə yarışlarının keçirilməsi, eyni zamanda Şuşada bir neçə idman yarışının təşkili ölkənin dörd bir yanında idmanın inkişafının göstəricisidir. Prezident İlham Əliyev eyni zamanda idman mütəxəssislərinə azad olunmuş ərazilərə səfər etməyi, gənc idman istedadlarının seleksiyasını aparmağı tövsiyə etdi. Hesab edirəm ki, bu çağırış Qarabağ və Şərqi Zəngəzurda idmanın inkişafına təkan olacaq, həmçinin bu ərazilərə qayıdan xüsusilə gənc soydaşlarımızın idmana marağını daha da artıracaq.
Təsadüfi deyil ki, ölkədə uğurla reallaşan gənclər siyasəti idman sahəsindəki uğurların davamlı olmasını təmin edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman qədər hərbi və fiziki hazırlıq da vacibdir”.
Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir.
Son 4 ildir idmançılarımız beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri kimi çıxış edir. Beləliklə, döyüş meydanında əldə olunan Zəfərə idman qələbələrinin də əlavə olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir. Bu mənada Azərbaycan öz gücünə əsaslanan, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, ləyaqətlə, vicdanla irəliyə gedən ölkə kimi nümunə sərgiləyir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı