Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlanılıb.
Agentlikdən Sabahinfo.az-a verilən məlumata görə, bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.
Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək.
Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında icra olunur.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.