“Dahi Nizami Azərbaycandan Norveçədək (norveçli tədqiqatçının gözü ilə)” adlı tədbir keçirilib

BDU-nun SABAH qruplarının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin akt zalında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dahi Nizami Azərbaycandan Norveçədək (norveçli tədqiqatçının gözü ilə)” adlı tədbir keçirildi.

Sabahinfo.az xəbər verir ki, tədbiri BDU-nun SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açdı. O, tədbirin rəsmi qonağı norveçli tədqiqatçı-yazar Ragnhild Torini görüş iştirakçılarına təqdim etdi, belə bir görüşün SABAH qruplarında təhsil alan tələbələr üçün böyük əhəmiyyət daşıdığını və dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin Vətənindən kənarda təbliği baxımından önəmli olduğunu qeyd etdi.

Daha sonra tədbirin moderatorluğunu öhdəsinə götürən SABAH qruplarının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə məruzə üçün sözü Nizaminin söz dünyasından ilhamlanaraq Azərbaycana, Bakıya, Gəncəyə aşina olan xanım R.Toriyə verdi.

Norveçli tədqiqatçı-yazar öz məruzəsində Nizami Gəncəvi irsi ilə tanışlığının tarixçəsinə qısa ekskurs edib, onun dünyaca məşhur “Leyli və Məcnun” poeması əsasında qələmə aldığı musiqili tamaşa haqqında danışdı və illər öncə hazırladığı kitab haqqında məlumat verdi. Hazırda kütləvi tirajla çap olunaraq Azərbaycanın bütün orta məktəblərinə paylanan Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından etüdlərdən ibarət ingilisdilli kitabın gənc nizamisevərlərə Nizami ilinə bir hədiyyə olacağına ümid etdiyini söylədi. Daha sonra o, Nizaminin əsərlərindəki fəlsəfi qata, poemalarının ideya qaynaqlarına, estetik prinsipinə diqqəti çəkərək onu Qərbin A.Dante, V.Şekspir, A.S.Puşkin, İ.V.Höte kimi dahi sənətkarları ilə müqayisə etdi, Nizaminin ölməz əsərləri, xüsusən də “Leyli və Məcnun” poeması ilə onların yaradıcılığının fövqündə durduğunu vurğuladı.

Daha sonra məruzəçi tələbələrinin ona ünvanladığı sualları cavablandırdı və tədbirdə iştirak edən digər qonaqlar məruzə ətrafında çıxışlar etdi. Əvvəlcə tədbirin moderatoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə çıxış edərək xanım R.Torinin məruzəsinin Azərbaycana, Gəncəyə, bu torpağın yetirməsi olan Nizami Gəncəvi yaradıcılığına, əbədiyaşar məhəbbət dastanı “Leyli və Məcnun” poemasına olan məhəbbətdən doğduğunu söylədi. Bildirdi ki, Norveçli tədqiqatçının Nizami irsinə yanaşmasındakı həyatilik, onun “Leyli və Məcnun” poemasını sadəcə iki gəncin nakam məhəbbəti kimi təqdimatı əsəri müasir gənclər üçün daha maraqlı edir, klassik poeziyaya gənclərin marağını artırır. İngilisdilli müəllifin Nizamini, “Leyli və Məcnun”u belə dərindən bilməsi isə həm bizi sevindirir, həm də tələbələrə Nizamini daha dərindən öyrənməyə stimul verir.

Daha sonra söz alan Nizami əlyazmalarının tədqiqi şöbəsininin aparıcı elmi işçisi, BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev xanım R.Torinin məruzəsini diqqətlə dinlədiyini, bu məruzədə Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük önəm verilməsinin təqdirəlayiq olduğunu bildirdi. İ.Quliyev Nizaminin “Leyli və Məcnun” poemasının türk poetik təfəkkürünün məhsulu olduğunu, dahi şairin Leylini türk qızı kimi mübariz əhval-ruhiyyədə təsvir etdiyini diqqətə çatdırdı. Əsərin Qərb ədəbiyyatşünaslığında tədqiqi tarixinə qısa nəzər salan çıxışçı xanım R.Torinin tədqimatının da bu araşdırmalar içində öz yerini tutacağını söylədi.

Sonra digər qonaq – Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli çıxış edərək məruzənin onda doğurduğu təəssüratla bölüşdü. O bildirdi ki, hər yaş mərhələsində Nizami “Leyli və Məcnun”una fərqli bucaq altında baxmaq olur. Xanım R.Torinin hazırladığı kitab isə gənclərə, xüsusən də ingilisdilli gənc oxuculara Nizaminin eşq fəlsəfəsini dərindən dərk etməyə yardım edəcək, müasir gəncliyi daha humanist olmağa, daha demokratik davranmağa, daha adil qərarlar verməyə səsləyəcək.

Tədbirin digər ədəbiyyatşünas qonağı Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva Nizami ədəbi məktəbinin geniş miqyası haqqında qısa məlumat verərək, onun “Leyli və Məcnun” poemasının təsiri altında qələmə alınan yüzlərlə belə poemanın olduğunu, lakin Nizaminin bu sənət incisinin isə bir qiymətli gövhər kimi onların arasında seçilib, hələ də parlaqlığını qoruduğunu söylədii. Əsərin qısa məzmununun ingilis dilində xüsusi bədii tərtibatda çapa hazırlanmasının isə bir mühüm ədəbi-mədəni hadisə olduğunu qeyd edən natiq gələcəkdə şairin digər əsərlərinin də belə tərtibinin vacibliyini gündəmə gətirdi.

DAOS rəhbəri və “Biz sizə borcluyuq" kampaniyasının üzvü Nərgiz Xələf  çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi və xanım R.Torinin məruzəsindən məmnun olduğunu ifadə etdi. O qeyd etdi ki, alim yanaşması və tədqiqatlar klassikləri daha asan dərk etməyə yardım edir. Xanım R.Torinin yaradıcılığı da bu istiqamətə yönəlib. Bu da onun hazırladığı kitabın əhəmiyyətini artırır.

Sonra tədbir bədii hissə ilə davam etdi. Azərbaycan Pedaqoji Universitetinin SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri Nizami Gəncəvinin qəzəllərini səsləndirdilər və şairin lirik şeirlərindən parçaları saz havası üzərində ifa etdilər.