Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.
Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biri də İtaliyadır. Bu əlaqələr tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir.
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi açılmışdır. 1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir.
Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə davamlı inkişaf edir. Beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyən iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Hazırda İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
İtaliya ilə son 10 ildə ticarət dövriyyəsinin dəyəri 2 dəfə artaraq 17 milyard dollara çatıb. Keçən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul göndərilib. Enerji sahəsində əməkdaşlığın vacibliyi, neft şirkətləri arasında bağlanan müqavilələrin davamlı olması hər iki ölkə üçün faydalıdır. Bu gün TAP layihəsi həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir və Avropanın 10 ölkəsinin enerji təchizatında mühüm rol oynayır. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib və İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub. Ötən il isə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 6 sentyabr tarixində İtaliyaya ikigünlük işgüzar səfəri çərçivəsində İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House - Ambrosetti" beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
Günay Məhərrəmova,
ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri