Onilliklər ərzində erməni millətçiləri tərəfindən gizlin həyata keçirilən hazırlıq işləri özünü Sovet İttifaqının sonuna doğru Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsində baş qaldıran bədnam “Miatsum” hərəkatında göstərdi. İlk baxışdan ağlasığmaz görünən və çox da ciddi qarşılanmayan ərazi iddiaları 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan ərazisində qanlı hadisələrə yol açdı. Soydaşlarımızın min illər boyunca yaşadığı indiki Ermənistan torpaqlarından qovulub çıxarılması və ozamankı İttifaq rəhbərliyinin bu hadisələrə göz yumması Qarabağ ərazisində də etnik təmizləməyə rəvac verdi. Sovet ordusunun bütün növ silahları ilə tam təchiz olunmuş erməni quldur dəstələri kəndlərimizi və şəhərlərimizi yandıraraq 750 mindən çox əhalini öz doğma torpaqlarından çıxardılar. Törətdikləri vəhşiliklərə görə cəzasız qaldıqca daha da azğınlaşan düşmən heç bir qaydaya, qanuna baxmayaraq, dinc əhalini soyqırımına məruz qoymaqdan belə çəkinmədi. Gözlənilməz təcavüz qarşısında şaşırmış və heç bir dövlət tərəfindən dəstək ala bilməyən Azərbaycan türkləri silaha sarılıb Vətəni qorumağa qalxdılar. Ölkənin bütün bölgələrindən insanlar Qarabağa axışıb öz qardaş və bacılarını xilas etməyə çalışdılar. Amma bunun da faydası olmadı. Yenicə müstəqilliyini bərpa etmiş gənc dövlət, hakimiyyətə yenicə gəlmiş səbatsız siyasətçilər və mövcud olmayan ordu amansız təcavüzün qarşısını ala bilmədi. Yüzlərlə yaşayış məntəqəsi viran edildi, minlərlə soydaşımız erməni təcavüzünün qurbanı oldu.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O qeyd edib ki, dünya ermənilərin vəhşiliyinə nəinki susdu, hətta birbaşa və dolayısı ilə dəstək də göstərdi. 1993-cü ildə ABŞ Konqresində “Azadlığa dəstək Aktı”na düzəliş edilməklə Azərbaycana qarşı hərbi-texniki yardımı istisna edən sanksiya da tətbiq edildi. “Qan donduran Xocalı soyqırımının törədilməsi ozamankı Roma Papası tərəfindən ermənilərə təbrik məktubu və maddi yardımla mükafatlandırıldı. Tez-tez “sivil” adlandırılan və tez-tez də sivilliyini unudan dünya Azərbaycan xalqının fəlakətinə acımadı. Özünə güvənməkdən başqa çarəsi qalmayan xalq ümidsizliyin qap-qaranlığında gur bir işıq tapdı. Bu Heydər Əliyev işığı idi. Xalqın tələbi və xahişi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev xalqın azadlığına cığır açan yolunu öz zəkası ilə işıqlandırdı. Torpaqların azadlığı və insanların öz dədə-baba torpaqlarında təhlükəsiz yaşaması kimi məsul bir vəzifəni öz üzərinə götürən Prezident İlham Əliyev tarixi bir yola – düşmənin cəzalandırılması və Vətənin bütövləşdirilməsi yoluna çıxdı. Xalqın yekdil dəstəyi ilə başlanan bu yol Azərbaycanı tarixi Zəfərə - 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın düşməndən azad edilməsinə gətirib çıxardı”, - deyə Cavanşir Feyziyev vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, qan qoxuyan, təkində igid oğullarımızın qanını, müqəddəs şəhidlərimizin qalıqlarını qoruyub saxlayan torpaqlarımız bu gün azaddır. Bu gün bu torpaqlara həyat verilir və soydaşlarımız 30 il əvvəl öz firavan həyatlarının qırıldığı yerdən yeni həyata başlamağa tələsirlər. Lakin bu torpaqlar hələ uzun illər bizə ağrılı-acılı işğal dövrünü xatırladacaq. Xocavəndin Edilli kəndində olduğu kimi. Xocalı, Malıbəyli, Quşçular, Başlıbel və digər tarixi yaşayış məskənlərimiz kimi Edilli də öz sinəsində işğal faciəmizi yaşadır.
Bu günlərdə Edillidə aşkar olunmuş kütləvi məzarlıqda 25 soydaşımızın qalıqlarının tapıldığını diqqətə çatdıran C.Feyziyev deyib: “Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə lazımi araşdırmalar aparılır. Bu tapıntı növbəti dəfə erməni vəhşiliyinin miqyasını və xarakterini açıqlayır. Dinc əhalini amansızlıqla qətlə yetirmək ermənilərin müasir dövrdə qəbilə-tayfa quruluşuna xas olan qeyri-insani əməllərindən yalnız biridir. Bu gün hələ də taleyi bizə məlum olmayan 4000-ə yaxın soydaşımız itkin düşmüş hesab olunur. Edillidə onlardan 25-nin qalıqları tapılıb. Digərləri də tapılacaq və bütün bunlar insanlıqdan uzaq olan erməni vandalizminin təzahürü və erməni adına silinməz ləkə kimi tarixə yazılacaq. Bu tarixi unutmaq olmaz. Unutsaq tarix növbəti fəlakətlərə yol aça bilər. Əvvəllər olduğu kimi. Bəşəriyyətin erməni cinayətkarlığından ibrət götürməsi üçün Edilli tarixini heç zaman unutmaq olmaz. Həm də ona görə ki, müharibə cinayətləri törətmiş bütün ermənilər tökdükləri nahaq qanlar üçün cavab verməlidir. Nə qədər ki, bu cinayətlərin ilhamçıları və icraçılarının hər biri öz layiqli cəzasına çatdırılmayıb, mübarizəmiz davam edəcək”.(azertac)