Deputat: Ermənistan və onun himayədarları Prezident İlham Əliyevin müşavirədəki mesajlarından nəticə çıxartmalıdırlar

Prezident İlham Əliyevin 2022-ci ilin altı ayının yekunlarına həsr edilən müşavirədə çıxışı daxili və xarici siyasətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaddaqalan oldu. Dövlətimizin başçısı dünyada hökm sürən təhlükəsizlik böhranı və bahalaşma fonunda ölkəmizin son 6 ayda müşahidə edilən inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadi və sosial islahatların dərinləşməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr haqqında ətraflı məlumat verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədri İltizam Yusifov ifadə edib.

Deputat qeyd edib ki, 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin yekdil qərarla 2023-cü ilə qədər uzadılması, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi üzrə yeni sənədin imzalanması ilə əlaqədar hazırlığın başa çatması, Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi, region və türk dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ölkəmizin diplomatik uğurlarının bariz göstəricisidir.

İ.Yusifov, həmçinin diqqətə çatdırıb ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin başçılığı ilə nümayəndə heyətinin Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün Bakıya səfər etməsi Qərbin ölkəmizə nə qədər böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. “Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə daha çox son altı ayda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində rəsmi İrəvanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi məsələlərinə toxundu. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, iqtisadi və kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib. Həmçinin Ermənistan 2020-ci noyabrın 10-da imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib, yəni, sülhməramlıların yerləşdiyi ərazidən qanunsuz silahlı birləşmələr bu günə qədə də Azərbaycan ərazisindədir. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi aşağıdakı fikir həm də üçtərəfli Bəyanatın digər iştirakçılarına ciddi mesajdır: “10 noyabr Bəyannaməsi ilə müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb və bu öhdəliklərə görə erməni silahlı qüvvələrini Qarabağdan çıxartmalıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə bu məsələni qaldırmışıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli, şərhə ehtiyacı olmayan bu mesajlarından Ermənistanın və onun havadarlarının nəticə çıxartmalı olduqlarını vurğulayıb. O deyib: “Ermənistan unutmamalıdır ki, “dəmir yumruq” yerindədir. Prezident əsaslı olaraq bildirdi ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində əməli addımlar atmır. Sözsüz ki, Azərbaycan dövlətinin Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı mütləq “B” planı vardır. İctimaiyyətə açıqlanmadığından bu planlar bir çox hallarda Azərbaycan cəmiyyəti, digər maraqlı tərəflər üçün də sürpriz olur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Şübhəsiz ki, bu fikirlərin təsdiqini bu günədək aparılan siyasət, atılan addımlar fonunda görmüşük. Ali Baş Komandanımızın düzgün taktikaları sayəsində tezliklə yerdə qalan problemlərin də birdəfəlik həllinin şahidi olacağıq”.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı müşavirədə son vaxtlar Ermənistan rəhbərliyinin hansısa status haqqında danışmasına da münasibət bildirməsi onu deməyə əsas verir ki, Azərbaycan heç bir halda bununla razılaşmayacaq və əgər belə hal olarsa, öz qətiyyətli mövqeyini ortaya qoyacaq.