Müstəqilliyini əldə etdikən sonra Azərbaycanda 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müsbət inkişaf dinamikası müşahidə olunurdu. Həyata keçirilən məqsədyönlü siyasətin əsas fəlsəfəsi Azərbaycanın malik olduğu öz potensial və daxili imkanlarını daha da genişləndirməsinə yönəlmişdi.
Keçən müddət ərzində neft və qaz sənayesinin inkişafı ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı sahəsinin iqtisadiyyatımızda payı əhəmiyyətli dərəcədə artmağa başladı.
Bu gün regionda kənd təsərrüfatı sahəsində görülən işlərlə tanış olmaq, eləcə də həyata keçirilən tədbirləri yerli fermerlərlə müzakirə və təbliğ etmək məqsədilə 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 25 iyun 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin də iştirakı ilə Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) kollektivi, rayon zəhmətkeşləri, fermerlərlə görüşlər keçirib.
DAİM-də keçirilən görüşdə M.Əfəndiyev çıxış edərək ilk növbədə Azərbaycanda kənd təsərrüfatı sisteminin inkişaf tarixindən söz açdı, Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf mərhələlərindən, qəbul edilən qərarlardan bəhs etdi.
Daha sonra kənd təsərrüfatı sahəsinin Heydər Əliyev dövrünə nəzər yetirən millət vəkili qeyd edib ki, məhz Ulu Öndər xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
“Ölkəmizə rəhbərlik etdiyi ilk dövrdə Ulu Öndərin səyləri nəticəsində SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmış Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı. Müstəqillik illərində isə, 1993-cü ildə bu gün də fəaliyyətini davam etdirən Kənd Təsərrüfatı Nazirliyi yaradıldı”.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin aqrar sahənin inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra millət vəkili seçki dairəsi ərazisində yerləşən fermer təsərrüfatını ziyarət edərək orada yaradılan şəraitlə tanış olub. M.Əfəndiyev məhsulların yetişdirilməsi, habelə yerli və xarici bazarlarda satışı ilə bağlı yaranan çətinliklərlə bağlı məsələləri dinləyib, deputat səlahiyyətinə aid istiqamətlərin diqqətdə saxlanılacağı qeyd olunub.



