Deputat Kürdəmirin problemlərini dilə gətirdi

“Azərbaycan Respublikasının 2026-cı il Dövlət Büdcəsi Haqqında” Qanun layihəsinin müzakirələrlə bağlı bəzi fikirlərimi səsləndirmək istərdim. 

Hesab edirəm ki, 2026-cı ilin dövlət büdcəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla yaxın gələcəkdə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əsaslı zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük Qa¬yıdışa dair dövlət Proqramlarında müəyyən edilmiş mühüm tədbirlərin davam etdirilməsi, eyni zamanda, əhalinin sosil rifah halının gücləndirilməsi kimi mühüm vəzifələr öz əksini tapmışdır.

Möhtərəm cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr vermişdir. 2026-cı ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Bütün bunlar dövlətin icra orqanlarından kifayət qədər gərgin iş tələb edir və bü məsələlərin həlli istiqamətində Nazirlər Kabinetinə uğurlar diləyirəm.  .

Fürsətdən istifadə edərək təmsil etdiyim Kürdəmir rayonu üzrə həlli vacib hesab etdiyim sosial-iqtisadi məsələləri diqqətinə çatdıraraq qeyd etdiyim məsələlərin 2026-cı ilin Dövlət büdcəsində nəzərə alınmasını hörmətli hökümət üzvlərindən xahiş edirəm.

Təhsil

Son illərdə Kürdəmir rayonunda bir neçə müasir məktəb binaları tikilmiş, bəzi məktəb binaları əsaslı təmir olunmuşdur. Yeni istifadəyə verilən məktəblər ən müasir avadanlıqlarla təchiz edilmiş, buna uyğun olaraq yerlərdə təhsilin səviyyəsi də artmışdır.

Lakin eyni zamanda rayon ərazisində əsaslı təmirinə və ya tikintisinə zəruri ehtiyac duyulan qəzalı və istismara az yararlı məktəb binaları hələ də mövcuddur.
       
Belə ki, rayonun Karrar qəsəbə, Elxan Zülfüqarov adına Şilyan, Pirili, 2 saylı şəhər tam orta məktəblərinin tikintisinə ciddi ehtiyac vardır. Mən bu məktəb binalarında olmuşam, onların qəzalı vəziyyətdə olduğunun şahidiyəm. Eyni zamanda onu da qeyd edim ki, rayon üzrə ən yüksək nəticələr bu məktəblərin şagirdləri tərəfindən göstərilmişdir. 

Təhsilin dövlətimiz üçün daim prioritet olduğunu nəzərə alaraq Kürdəmir rayonunda yeni məktəb binalarının tikintisini diqqətdə saxlamanızı xahiş edirəm.


Elektrik təsərrüfatı

Rayon əhalisinin ən ağrılı məsələlərindən biri də yerlərdə artıq istismar müddəti bitmiş, avadanlıqlarının böyük hissəsinin sıradan çıxmış elektrik təsərrüfatıdır. Kənd yerlərində istismara yararlı olmayan elektrik dirəkləri, tez –tez sıradan çıxan kabel və transformatorlar həmin ərazilərdə yaşayan əhalinin həm təsərrüfat fəaliyyətində, həm də gündəlik məişətində ciddi problemlər yaradır. Əhali ilə görüşlərimizdə elektrik təchizatındakı mövcud problemlər insanları ən çox narahat edən məsələ kimi önə çəkilmişdir. Son illər rayonun bəzi yaşayış məntəqələrində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı işlərə başlansa da, ümumilikdə, problem kifayət qədər aktual olaraq qalmaqdadır.  

Gələn ilin Dövlət büdcəsində Kürdəmir rayonunun kəndlərində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı xərclərin daxil edilməsini xahiş edirəm.

Kürdəmir rayon Uşaq İncəsənət məktəbi

Ötən illərin büdcə müzkirələri zamanı mən Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin qəzalı vəziyyəti ilə bağlı dəfələrlə hörmətli Nazirlər Kabinetinə müraciətlər etmişəm. Onu da bildirmək istəyirəm ki, Kürdəmir rayon Uşaq İncəsənət məktəbi ölkədə az saylı tədris müəssisələrindəndir ki, musiqi fənnindən başqa, eyni zamanda, rəssamlıq və rəqs fənni də tədris edir. Bu məktəbdə təhsil alan uşaqlar regional müsabiqələrdə yüksək nəticələr əldə etməklə yanaşı sonradan təhsillərini ölkənin ali incəsənət ocaqlarında da davam etdirirlər. Yetişən gənc nəslin mədəni - mənəvi inkişafında əvəzsiz rolu olan rayon Uşaq İncəsənət məktəbi üçün yeni binanın inşa edilməsini rayon əhalisi adından xahiş edirəm. 

Kənd yolları

Hamıya məlumdur ki, rayon əhalisinin təsərrüfat fəaliyyətində yol infrastrukturu ən vacib məsələlərdəndir. Son illər Kürdəmir rayonunun bir çox kəndlərinə yeni yollar çəkilmiş, nəqliyyat layihələri icra edilmişdir. Lakin problemlər hələ də qalmaqdadır. Belə ki, təmsil etdiyim Kürdəmir rayonunun Qarabucaq, Təklə və digər yaşayış məntəqələrindəki yolsuzluq problemi kənd əhalisinin təsərrüfat fəaliyyətinə ciddi ziyan vurur, istehsal edilmiş məhsullarının mövcud bazarlara çıxışına imkan vermir. Bu baxımdan, gələn ilin Dövlət büdcəsində yuxarıda adları çəkilən yaşayış məntəqələrinə yolların çəkilməsini nəzərdə tutulmasını xahiş edirəm.   

Kanalizasiya

Kürdəmir şəhərinin ən vacib, ən ağrılı problemi artıq istismarı mümkün olmayan mərkəzi kanalizasiya sistemidir. 

İçməli su xətlərinin çəkilişi ölkə Prezidentinin Sərəncamı ilə 2011-ci ildən tam həyata keçirilsə də, kanalizasiya xətlərinin çəkilişi  2014-cü ildən yarımçıq qalmışdır. Bu yarımçıq işlərin tamamlanmasını rayon əhalisi adından hörmətli hökumət üzvlərindən xahiş edirəm.  

Sonda qeyd etmək istəyirəm ki,  təqdim edilmiş “Azərbaycan Respublikasının 2026-ci il Dövlət Büdcəsi Haqqında” Qanun layihəsini tam dəstəkləyirəm və hörmətli kabinet üzvlərinə uğurlar arzulayıram.

Əminə Ağazadə
Milli Məclisin deputatı