Deputat Milli Məclisdə Ramiz Mehdiyevdən danışdı: Diqqət həmin gizli əlaqələrə yönəlməlidir

“Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq sülh sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib. Artıq Vaşinqton da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəm qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi – Vatikana rəsmi səfəri həm də sivilizasiyalararası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. “Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir”, - o qeyd edib.

Deputat əlavə edib ki, nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları, yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil:

“Əlbəttə, Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq-mühafizə orqanları müəyyən edəcək. Amma dəyişməyən bir reallıq var ki, neobolşevik təfəkkürü ilə, ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə, bu xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni şəkildə təşkil edilən kampaniyadır.

Heç bir sosial bazası olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil, qorxulu olan bir vaxtlar Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev barədə hədyanlar söyləyib bu gün isə maskalanaraq məqam gözləyənləri görməzdən gəlməkdir.

Bəli, Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsınızsa, onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyəti strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istintaq çox mətləbləri üzə çıxaracaq”.