Deputat Ramil Həsənov kimə güvənir?

Bu gün iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.Bu barədə virtualaz.org-a M.Mustafayev məlumat verib. Mübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib. Deputat habelə vəkili aqressiv hərəkətlərə təhrik etməyə çalışıb və bu da redaksiyamıza təqdim olunan videokadrlardan görünür. Üstəlik deputat və onu müşaiyət edən şəxslər qapalı məkanda maskadan istifadə etməyərək karantin rejiminin tələblərini pozublar.

Deputatı özündən çıxaran isə M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub. Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Daxili İşlər Nazirliyi (DİN) Səbail rayon Polis İdarəsi bu gün səhər saatlarında Bakının mərkəzindəki “Four Seasons” otelində baş vermiş insidentlə bağlı araşdırma aparıb. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində ictimai qaydanı və ölkədə tətbiq edilmiş “maska rejimini” pozan şəxslər müəyyən edilib.

Söhbət Milli Məclisin deputatı Ramil Həsənovdan, onu müşaiyət edən şəxslərdən və vəkil Muxtar Mustafayevdən gedir. Münaqişənin bütün iştirakçıları və qanunu pozanlar Səbail rayon Polis İdarəsinə dəvət olunublar. E.Zahidov bildirib ki, məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinə uyğun tədbirlər görüləcək. İctimaiyyət araşdırmanın nəticələri barədə məlumatlandırılacaq.

https://www.youtube.com/watch?v=6F1Hlem01ic