Dilimizin saflığını qorumaq hər birimizin müqəddəs borcudur

Azərbaycanın yerləşdiyi coğrafi region tarix boyu dövlətimizə və dövlətçiliyimizə qarşı təhdidlərin olmasına gətirib çıxarıb. Düşünülmüş və davamlı həyata keçirilən bu prosesdə ana dilimizə qarşı da məqsədli iş aparılıb. Dilimizi əlimizdən almaq, bizləri bir xalq kimi yer üzündən silmək istəyiblər.  Həyata keçirilən məkirli siyasətin reallaşmamasına səbəb isə ümummilli lider Heydər Əliyevin qətiyyəti, onun uzaqgörən siyasəti olub. 
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni bu redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyev dilimizin xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Dahi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ümummilli Lider Heydər Əliyev dil siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Onun " Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz" prinsipi dilimizin inkişafının əsas meyarıdır. 1995- ci il oktyabrın 31- də Ulu Öndərin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyasının dövlət dili haqqında maddəsi ilə bağlı gərgin müzakirələrin nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin ilin noyabrın 12- də qəbul olunan Konstitusiyanın 21- ci maddəsinə əsasən Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir.  Dövlət başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bunun bariz nümunəsidir. 
Azərbaycan dili bizim milli kimliyimizin daşıyıcısı olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin təntənəsidir. Bu dilin hər bir sözü, hər bir səsi tariximizin, ədəbiyyatımızın, ağrımızın və qürurumuzun daşıyıcısıdır. Ana dilimiz yalnız ədəbiyyatımızın deyil, həm də ruhumuzun dilidir. Bu dili qorumaq, yaşatmaq və zənginləşdirmək isə təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı