Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubu tərəfindən bu ildən çempionat formatında keçirilən “Diplomatik Masa” simulyasiya layihəsinin ikinci turunda Azərbaycan-Fransa münasibətləri müzakirə edilib.
Gənc diplomatlar bu turda “Azərbaycan-Ermənistan sülh danışıqları prosesində Fransanın rolu”, “Avropa İttifaqı nümayəndə heyətinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi monitorinqlərin və digər fəaliyyətlərin Fransa-Azərbaycan münasibətlərinə təsiri”, “Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığı və yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Fransa münasibətləri” kimi aktual mövzular ətrafında müzakirələr aparıblar.
Tərəflər öz arqumentlərini əsaslandırmaq üçün qarşılıqlı şəkildə suallar ünvanlayıb, real faktlara və fotomateriallara istinad edərək maraqlı və məhsuldar diskussiyalar həyata keçiriblər.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihə çərçivəsində masada iştirak edən komandalardan biri hər görüşdən sonra Siyasi və ictimai elmlər kafedrasının müəllimləri tərəfindən bir neçə meyar üzrə qiymətləndirilir və yüksək nəticə göstərən komanda növbəti mərhələyə yüksəlir.