ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda sabiq Prezident İlham Əliyev ABŞ prezidenti Cozef Baydenin hakimiyyətindən bəhs edərək “Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfıra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi” fikirlərini səsləndirib. Bundan sonra ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb. O, Azərbaycanla ölkəsi arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək bildirib: “Mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm”.
Məsələ barəsində Milli Məclisin deputatı Azər Kərimli açıqlama verib. Deputat bildirib ki, Azərbaycanla Birləşmiş Ştatların qarşılıqlı münasibətləri, əksər hallarda ortaq maraqlara söykənib, regionun, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, beynəlxalq terrorizmə qarşı mübarizənin təşkilinə və digər mühüm məqamlara xidmət edib. O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər ABŞ-də demokratların hakimiyyətdə olduğu zaman kəsiyində, xüsusilə də Bayden-Blinken-Pover “trio”sunun iş başında olduğu dövrdə, Ağ evin yürütdüyü qərəzli siyasət nəticəsində özünün ən kritik dövrünü yaşayıb: "ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanlandığı təbrik məktubunda Birləşmiş Ştatlarla ölkəmizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunun xatırladılması və həmçinin qarşıdan gələn illərdə iki ölkə liderinin əldə edə biləcəkləri möhtəşəm məqamların qeyd olunması Azərbaycanın gücünün, eləcə də dövlət başçımızın yüksək nüfuzunun, diplomatik məharətinin və liderlik keyfiyyətlərinin vurğulanmasıdır".
Deputat xatırladıb ki, ABŞ prezidentinin məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığına xüsusi olaraq diqqət çəkilməsi isə Vaşinqtonun Cənubi Qafqazda yenidən münaqişə ocaqları yaratmağa cəhd göstərən dairələrə ciddi mesajı kimi də qəbul oluna bilər: "Prezident Trampın qlobal geosiyasi proseslərə strateji baxış bucağının ayrı-ayrı istiqamətlərini, o cümlədən enerji və beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı mövqeyini nəzərə alsaq, ABŞ-Azərbaycan münasibətlərinin ən müxtəlif istiqamətlərdə inkişafı üçün geniş perspektivlərin olduğunu deyə bilərik. Çox güman ki, qarşıdakı zaman kəsiyində Vaşinqton-Bakı münasibətlərində, bütövlükdə bölgədə iqtisadi fəallığın artmasına xidmət edən yeni əməkdaşlıq istiqamətlərinə şahidlik edəcəyik".