DOĞMA İRSİ DAHA YAXŞI TANIMAQ VƏ TANITMAQ VƏZİFƏSİ

Əslində İraqda sayı çoxdan 4 milyona çatan, elə bizim kimi oğuz türkləri olan soydaşlarımıza “İraq türkmanları” deyil, “İraq türkləri” deməliyik.
Çünki 1958-ci ildə İraqda baş vermiş hərbi çevrilişdən sonra siyasi məqsədlərlə dövriyyəyə gətirilən və daha əvvəlki uzun əsrlər boyunca sadəcə “türk” adlandırılmış bu insanlara “türkman” demək həm tarixi və etnik dəqiqlik baxımından doğru deyil, həm də istər-istəməz terminoloji qarışıqlıq yaradır, bu səbəbdən də Orta Asiyadakı türkmənlərlə bu türkmanlar qatışıq düşməsin deyə, guya konkretləşdirərək “türkman” kəlməsinin əvvəlinə “İraq” sözü əlavə edilir.
İraqda hələ VII əsrdən var olan, Əməvilər dönəmində şücaətinə, igidliyinə arxalanaraq Bəsrədə yerləşdirilən bir neçə min oğuz türkünün miqdarı Səlcuqlar və daha sonra Səfəvilər dönəmində yeni köçlərlə onminlərlə artdı.
İraq türkləri həm oğuz türkləri olaraq kökcə, həm də əsilcə oğuz olan digər türklərdən bir sıra sabit milli əlamətləri, ilk növbədə ləhcələri, deyiş tərzləri, şirin dillərində yaratdıqları söz sərvətlərinin ahəngi, məzmunu və ruhuyla seçilərək Azərbaycan türkləri ilə eynidirlər. “Yaxın”, “çox bənzər”, hətta “qohum” yox, məhz eynidirlər. Elə sadəcə bayatı və xoyrat tutuşdurmaları bunu anındaca isbat edir və heç bir digər türk xalqının söz mirası arasında belə qəti səsləşmə və eyniyyət yoxdur. 
Bayatı və xoyrat isə milli varlığın, düşüncənin, hissiyyatın və özünüifadəetmənin son dərəcə mühüm olan qurucu, mahiyyətmüəyyənedici və genetik kod səciyyəli elə ünsürləri və tərkib hissələridir ki, milli çöhrənin diaqnostikasında onlara əsaslanaraq alınan nəticə və çıxarılan qərarın genetik informasiya daşıyıcısı DNT analizi qədər sərrast və dürüst sayılması gərəkdir.
2.  Azərbaycanda yeni zamanda – XX yüzildə İraq türklərinin soydaşlarımız və ruhdaşlarımız olaraq tanıdılıb təbliğ edilməyə başlanmasının yaşı artıq 70 ilə çatır.
Mən ilk dəfə İraqdakı qardaşlarımız, onların ədəbi və musiqi irsi haqqında Azərbaycan radiosunda ayrıca verilişlər hazırlayanda 1970-ci illərin sonları, 1980-ci illərin əvvəlləri idi. Sinan Səidlə Nərminə Məmmədovanın ifasında Azərbaycan radiosunda səslənmiş Kərkük nəğmələrini kənara qoysaq, əsl böyük kərküklü müğənni Əbdülvahid Kuzəçioğludan bəhs edilməsi və ifasının Azərbaycan efirində mənim verilişlərimdə səslənməsinin yaşı artıq 45 ildən çoxdur. 
Arada bunca uzun məsafə varkən, əslində həmin hesabla bu gün bir-birini tanıma da, yaxınlaşma da daha irəligetmiş olmalı idi. 
Təəssüf ki, ayrı-ayrı təşəbbüskar alim və ədiblərin – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadənin başladığı, Abbas Zamanov, Qəzənfər Paşayevin davam etdirdiyi çalışmaların arxada qalan onillərdə arzulanan, umulan güclü axına çevrilməsi mümkün olmayıb və bununla da çox itirmişik. Əlbəttə, bəlli vaxt kəsiyində sərhədlərin qapalı qalması, sovet nəzarətində olmağımız da gedişata təsirini göstərib və qaçırılmış fürsət illərində İraq türklərinin başda canlı klassik Əta Tərzibaşı olmaqla neçə görkəmli şəxsiyyəti həyatdan gedib, nəzərəçarpacaq nəsil dəyişimi baş verib. 
Və bu nəzərəçarpmaqlıq ilk növbədə o dəyişmələrin yalnız fərqli yaş nəsillərinə mənsubluqla deyil, həm də milli, ədəbi-mədəni düşüncəylə əlaqədar olmasıdır. O səbəbdən də İraq və Azərbaycan türkləri arasında bütün istiqamətlər üzrə vəhdətin, sıx təmasların, qaynayıb-qarışmanın artmasına indi ikiqat səylə çalışmaq vacibdir. Həm dövlət, hökumət səviyyəsində, amma beynəlxalq münasibətlərin, dövlətlərarası əlaqələrin özünəməxsus cəhətləri nəzərə alınarsa, daha artıq ictimai təşkilatlar, ədəbi-mədəni-elmi qurumlar və bir qədər də çox – qeyri-hökumət təşkilatları biçimində. Bunu zaman və siyasi xəttimizin fəlsəfəsi sifariş edir.
3. Ölkə Prezidenti İlham Əliyev 2024-cü il fevralın 24-də yeni dönəmdə dövlətə rəhbərliyə başlayarkən keçirilən andiçmə mərasimində “Bizim başqa ailəmiz yoxdur. Bizim bir ailəmiz var – türk dünyası!” söylədi.
Bu, fövqəladə tarixi və siyasi mənası olan bəyanatdır. Prezident İlham Əliyevin bu sözləri hansısa başqa bir çıxışında deyil, məhz andiçmə mərasimində dilə gətirməsi isə çox simptomatik və rəmzi səciyyəlidir.
Bu, tək bizimçün –  Azərbaycandan ötrü deyil, bütün türk dövlətləri və xalqları üçün taleyüklü bir çağırış, daha düzgün ifadə edilərsə – fəaliyyət proqramı, yol xəritəsi, istiqamət nişanverməsidir. 
Prezident İlham Əliyevin türklük tarixinə həkk olunacaq bu müdrik, qətiyyətli, cəsarətli və ən önəmlisi ¬– tam dəqiq seçilmiş tarix kəsiyində elan edilən qiymətli bəyanatının uzaq dünənində böyük İsmayıl Qaspıralının onillərcə şüardan o yana gedə bilməsi mümkünsüz olmuş “Fikirdə, dildə, işdə birlik” düşüncəsi dayanır. 
XX yüzilin əvvəlindən ta XXI əsrin ilk iki onilliyinə qədərki tarixi gerçəkliyi və dünyanın siyasi maraqlar mənzərəsini göz önünə gətirərkən anlaşılan əsas həqiqət ondan ibarətdir ki, bütün arxadakı müddət ərzində sadəcə şairanə arzu və çağırış kimi qalmış, həm də müəyyən zaman parçalarında nəinki icrası yolunda çalışmaq, hətta səsləndirilməsi də təhlükələr vəd etmiş bu məramı Prezident İlham Əliyev məhz indiki  reallıqlar müstəvisində nəzəriyyədən təcrübəyə tətbiq etməyə səsləyir və ilk həlledici addımları da atır. 
Bu açılan perspektivdə bizim İraq türkləri məsələsinə yanaşmamız və hərəkətlərimiz də keçmişdəkilərdən köklü şəkildə fərqlənməli, qat-qat miqyaslı, intensiv və bəhrəli olmalıdır. 
4. Türk birliyini möhkəmləndirmək, ortaq ailəmizdə müştərək layihələr və digər silsilə işlər görmək istiqamətində çalışmalar nə qədər çox olsa da, üstünlük verdiyimiz başlıca mövzulardan və ilklərindən biri İraq türkləri – ortaq türk ailəmizdə bizə oğuz kökənliliyi ilə bir köynək də yaxın qardaşlarımız olmalıdır. 
Qeyri-hökumət təşkilatlarının İraqdakı ictimai birliklər, oxşar mahiyyətli qurumlarla rabitələri gücləndirilməli, onlara dəstək göstərmək yolunda səyləri artırılmalı, ortaq layihələr ətrafında səmərəli və sistemli iş aparılmalıdır.
Güney və Quzey Azərbaycan, eləcə də İraq türklərinin ifasında bədii parçaların, musiqi ifalarının, çeşidli ədəbi proqramların səslənəcəyi bir sanballı internet televiziyasının fəaliyyətə başlamasını ən mötəbər yaxınlaşdırıcı, qovuşdurucu körpü kimi təsəvvür edirəm. Bu televiziyanın fəaliyyət göstərə bilməsi hər üç tərəfdən səriştəli şəxslərin işə cəlb edilməsi ilə mümkün olacaq və bu təməl birlik tədricən daha da böyüyüb artacaq birliyin təkançısına çevriləcək. O televiziyada təqdim edilən və üç tərəfi təcəssüm etdirən ayrı-ayrı bədii parçalar, konsertlər arasında müəyyən saatlarda humanitar səciyyəli, ədəbi, mədəni, elmi mövzulu xəbərlərin də yer alması ortaq ədəbi dilimizin şəkillənməsinə doğru daha artıq yaxınlaşmağımıza da şərait yaradar.  
 5. İraq türklərinin millik kimlik və ana dili uğrunda mübarizələrinin yaşı çoxdur və bu fədakar çalışmaların zəngin tarixində minnətdarlıqla xatırlanmalı, ehtirama layiq  xeyli vətənpərvərin əməlləri və adları, eyni zamanda, milli yaddaşda həmin çalışmaların dərsləri yaşayır. 
Nəyə nail olunub, daha nələr edilməlidir sualı bu baxımdan həmişə ön sırada dayanıb, bu günsə dünənkindən də aktualdır. 
Mən 1960-cı illərdə doktor Sinan Səidin yazıb müdafiə etdiyi “İraqda türk mətbuatı” mövzusunda dissertasiyasının mətnini uzunmüddətli ardıcıl səylərdən sonra Moskvadan əldə edə bildim, tam mətni çapa hazırlamışam, bu yaxınlarda işıq üzü görəcək və həmin əsəri oxuyarkən oralarda ana dilinin mətbuatda yerini tutması, radiodan səslənməsi səmtində illərcə nə qədər ağır yollardan keçildiyinə, nə qədər usanılmaz zəhmətlər çəkilməsinə şahid olmuşam.
Bu təəssübkeş xətt əsla dayanmamalı, bu gün daha modern tərzdə irəlilədilməli, bizlər də bacardığmız köməkləri əsirgəməməliyik.
6.  İraq türklərinin ədəbi-mədəni və mənəvi irsinin Azərbaycanda daha artıq tanıdılması üçün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ayrıca ekspozisiya yaratmışıq. Gələcəkdə həmin ekspozisiyanın daha da genişləndirilməsi, həmin muzeydə yaxın gələcəkdə İraq türkləri ilə bağlı beynəlxalq elmi simpoziumun keçirilməsi planlaşdırılır.
Ancaq Azərbaycan televiziya məkanında və konsert səhnələrimizdə də İraq türklərinə vaxtaşırı günlər ayrılması ehtiyacı var.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri sırasında İraq türkləri də var. Zənnimizcə, Azərbaycan Yazıçılar Birliyinin xarici ölkələrdəki – Moskva, Borçalı, Göyçə-Zəngəzur kimi bölmələri ilə yanaşı İraq türklərini əhatə edəcək bölməsinin də yaradılmasını məqsədəuyğun hesab edirəm.
7. İraq türkmanlarının irsi, ortaq dəyərlər, dərinləşməsi və genişlənməsini niyyət etdiyimiz mədəni əlaqələr və digər bütün bağlılıqlar və yaxınlaşmaların əsas məqsədi və hədəfi isə  strateji səciyyəli olmalı, daha uzaqlara nəzər dikməlidir. 
İraq türklərinin milli kimliklərini daha qətiyyətlə qorumaq, qabartmaq və təsdiqlətmək mübarizələri, hüquqlarının və milli diləklərinin daha vüsətli təmin olunması sahəsində 1990-cı illərin ortalarından qabaqkı dövrlərdən daha mütəşəkkil halda təzahür edən və uğurlara da yetişən səyləri bu gün türk dünyası həmrəyliyi və həmmövqeliyinin əhəmiyyətli hədəflərindən biri kimi qavranılmalı, bu yöndə nailiyyətləri çoxaltmaqçün tədbirlər tökülməli, məqsədyönlü işlər görülməlidir. 
Söz yox, həmin kontekstdə qeyri-hökumət təşkilatlarının da çiyninə yetərincə məsul vəzifələrin düşdüyü diqqətdə saxlanmalıdır. 
Və sonda bizim məramımızı da, bu forumun qayəsini də dolğunluğu ilə ifadə edən, Mosulun, Kərkükün, Ərbilin, Səncərin, Tuzxurmatunun, Bağdadın... ətrini, havasını daşıyan bir qocaman, amma köhnəlməz xoyrat:

Ay azaldı,
Göy üzün ayaz aldı.
Getdi, kömək qalmadı,
Arxamız ay azaldı.

Bu, təbiətin, göylərin qanunudur – səmadakı Ay hərdən bədirlənəcək, hərdən nazikləşib azalacaq, istədin-istəmədin, göy üzünü ayaz da alacaq, qırov da düşəcək. Ancaq Kərkük elləri, İraq türkləri heç vaxt köməksiz qalmayacaq, heç vaxt arxasız-dayaqsız olmayacaq, say heç vaxt azalmayacaq – biz varıq!

“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun
“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panelində akademik  Rafael Hüseynovun çıxışı