Sabahinfo.az–ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin
rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov ANS PRESS-ə bildirib. O
deyib ki, Novruz bayramında manat yenidən dəyər itirməkdədir. Mütəxəssis deyir
ki, əksər valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın müəyyənləşdirdiyi 2
faizlik marjda ən yüksək kursu təklif edirlər:
"Mərkəzi Bankın martın 19-da təsadüf edən sonuncu rəsmi
məzənnəsində 1 ABŞ dolları üçün 1.0486 manat müəyyənləşdirilsə də əksər valyuta
dəyişmə məntəqələrində dollar 1.067 manata təklif edilir. Apardığımız
monitorinqlər göstərir ki, hələlik valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın
manatın məzənnəsi ilə bağlı müəyyənləşdirdiyi limit-meyarlarına əməl etməyə
çalışırlar”.
Burada bir sual ortaya çıxır. Bəs, bayram günlərində manatın
daha da ucuzlaşması nə ilə bağlıdır? Mütəxəssis bu sualı belə cavablandırıb: "Manatın
kursunun aşağı düşməsi və dolların məzənnəsinin yüksəlməsi xarici valyutalara
tələbin artması və əksinə xüsusən də dollar təklifinin azalması ilə bağlıdır.
Novruz bayramında qeyri-iş günlərinin sayı çox olması xaricə istirahətə
gedənlərin sayının artmasına səbəb olub. Xaricə gedən vətəndaşlarımız isə öz
manatlarının bir qismini xarici valyutalara xüsusən də, dollara çeviriblər. Bu
isə valyuta dəyişmə məntəqələrində xarici valyutalara tələbi artırıb”.
İqtisadçının fikrincə, qeyri-iş günlərin uzun müddətli olması və
bu müddətdə Mərkəzi Bankın və eləcə də kommersiya banklarının işləməməsi də
valyuta dəyişmə məntəqələridə dollar qıtlığı yaradıb: "Mərkəzin Bank bayram
günlərində, praktik olaraq, valyuta bazarına intervensiya etmir və baş bank
dollara olan tələbin ödənilməsində "bayram günləri” götürüb. Kommersiya
banklarının, demək olar, hamısının qeyri-rəsmi iş günləri fəaliyyət
göstərməməsi də dollar təminatını xeyili aşağı salıb. Bu baxımdan, dollara
artan tələbi heç də bütün valyuta dəyişmə məntəqələri qarşılaya bilmirlər.
Güman edilir ki, növbəti rəsmi iş gününədək dolların məzənnəsi
yüksək olaraq qalacaq. Yalnız Mərkəzi Bankın yenidən intervensiya baş verdiyi
halda məzənnənin stabilləşməsi müşahidə etmək mümkün ola bilər”.