“Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirməklə bölgədə siyasi və iqtisadi mərkəzə çevrilib. Bunun üçün cənab Prezident İlham Əliyevin xarici səfərlərinə, ölkəmizə edilən səfərlərə, o cümlədən digər yüksəksəviyyəli nümayənədlərimizin səfərlərinə diqqət yetirmək kifayətdir. Prezidentin aprelin 23-də Çində dövlət səfəri, ardınca aprelin 28-də İran prezidenti Məsud Pezekianın ölkəmizə rəsmi səfəri, mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfəri, mayın 15-də Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında iştirakı, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovun Yaxın Şərq ölkələrinə səfərləri, Qarabağda Azərbaycan-İran “Araz 2025” birgə hərbi təlimlərinin keçirilməsi və bu fonda müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri, Hindistan-Pakistan məsələsində Azərbaycanın sərgilədiyi mövqe, Suriyada Əsəd rejimindən sonra Azərbaycanın Dəməşqlə münasibətləri və digərləri dediklərimizin sübutudur. Azərbaycan yerləşdiyi coğrafiyanın imkanlarını nəzərə alaraq çox geniş geosiyasi məkanda təsiri olan aktiv və uğurlu xarici siyasət kursu həyata keçirməkdədir. Təbii ki, düzgün hədəflərə xidmət edən bu siyasət öz effektini verərək Azərbaycanın regional və qlobal proseslərdəki əhəmiyyətli rolunu artırmaqdadır. Artıq Azərbaycan bölgəmizdən kənarda baş verən proseslərdə aktiv iştirakı rolunda çıxış edərək öz mövqeyini sərgiləyir, yaxud da böhranların həllində uğurlu dialoq platforması yaratmaqla öz müsbət rolunu oynayır. İsrail-Türkiyə arasında dialoq münasibətlərinin yaranması, Hindistan-Pakistan qarşıdurmasında sərgilədiyi mövqe bunun göstəricisi hesab etmək olar. Yaxud da İsraillə İran arasında münasibətlərə baxmayaraq Azərbaycan hər iki tərəflə maraqları uzlaşdırıb öz milli maraqlarına uyğun əməkdşalıq münasibətlərini qurması isə o deməkdir ki, Azərbaycan Avrasiya məkanda yeni orta güc rolunda qəbul edilməsidir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, Azərbaycan uğurlu çoxvektorlu və multilateral siyasət yürütməklə daha geniş coğrafiyada öz təsir gücünü artımaqdadır: “Nəticədə Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi böyük nüfuza malik ölkə kimi qəbul edilməkdədir. Əgər proseslərə diqqətlə nəzər salsaq görərik ki, bu gün Avrasiya coğrafiyasındakı demək olar ki, reallaşan bağlantı və enerji dəhizlərini Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan bu gün bir-birinə qarşı olan mərkəzlər arasında - Qərblə Şərq, Şimalla Cənub arasında bir əməkdaşlıq körpüsü rolunu oynamaqdadır. Azərbaycanın oynadığı bu əhəmiyyətli rolla regional və qlobal müstəvidə sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formaltlarının yaranmasına öz ciddi töhfəsini verməkdədir. Azərbaycanın bu rolu Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə görüşdə avropalı liderləri tərəfindən xüsusi olaraq qeyd edildi. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyi arxitekturasınin təmin olunmasına verdiyi dəstək yüksək qiymətləndirilməklə, ölkəmizin Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu, regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında uğurlu dialoq platforma rolu oynamasının əhəmiyyəti məmnunluqla qeyd edilib. Bu Aİ tərəfindən Azərbaycanın yeni fortmada ortaya çıxan orta güc kimi qəbulunun təsdiqi idi.
Azərbaycan bundan sonra da beynəlxalq tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verib çoxtərəfli diplomatiyanın və multilateralizm siyasətini davam etdirməklə orta güc kimi regional və qlobal proseslərdə daha ciddi oyunçu rolunda çıxış etmək imkanı qazanacaq. Artıq böyük güclər də Azərbaycanla hesablaşıb mövqeyini nəzərə alırlar. Bu da nəticə etibarı ilə Azərbaycanın qarşısındakı hədəflərə nail olaraq inkişaf etmiş güclü, qüdrətli ölkəyə çevrilməsinə geniş fürsətlər açacaq. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət yeni-yeni diplomatik qəbələrlə nəticələnəcək”.