"Əhalinin sosial müdafiəsinin  gücləndirilməsi ilə bağlı islahatlar davam edir"

Azərbaycan Respublikasının 2026-cı il Dövlət büdcəsi haqqında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın çıxışı

Son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz  ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı. Biz hansı sahəyə baxsaq, orada inkişaf görürük. “Böyük Qayıdış” Planı uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin  gücləndirilməsi  ilə  bağlı islahatlar davam edir. İqtisadiyyatımız  şaxələnir və getdikcə daha da güclənəcəkdir. Çıxışlarda da bir neçə dəfə qeyd olundu ki,  iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Və bu sahənin inkişafına xüsusi diqqət var. Əlbəttə, görülən bu işlər Prezident İlham Əliyevin siyasi qətiyyətini, xalqımızın iradəsini və iqtisadi potensialımızın  gücünü göstərir. 

Hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır. Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir.    Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf Konsepsiyasını əhatə edir. Dövlət büdcəsi adətən dövlət gəlirlərinin və xərclərinin illik bölgüsüdür. Bu, dövlət qurumları üçün ölkədə proaktiv iqtisadi siyasəti həyata keçirmək üçün ən vacib resursdur. Qanun layihəsində Dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, mövcud demoqrafik proseslər və bununla bağlı gələcək proqnozlar, iqlim dəyişikliklərinin dövlət xərclərinə və gəlir dayanıqlığına təsiri  kimi məsələlərin  təhlil edilməsi və qarşıda dayanan vəzifələrin qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 2026-ci il Dövlət Büdcəsini  həm də strateji sənəd kimi qəbul etmək olar. 

Milli Məclis Komitələri ilə dövlət qurumlarının birgə iclasları keçirildi. Bizi narahat edən məsələləri səsləndirdik. Geniş və detallı  müzakirələr aparıldı. Ümid edirəm ki, təkliflərimiz gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaqdır. Bütün şəhər və kəndlərimiz kimi, Sumqayıt da inkişaf edir.  Sənaye Parkının fəaliyyəti,  investisiya və infrastruktur layihələri  nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır.  Xüsusi ilə  seçildiyim dairə üzrə seçicilərim  adından təşəkkür etmək istəyirəm. Bu günlərdə Bakı və Sumqayıt şəhərləri arasında yeni avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişlərinə böyük dəstəkdir. İnanırıq ki, vətəndaşlarımızın  həyat şəraitinin  daha da yaxşılaşması üçün aparılan işlər davamlı olacaqdır. Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda,  mənsub olduğu  xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də, büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm.  

Məktəbəqədər  təhsil  müəssisələrinin sayının artırılması,  Uşaq bağçalarında  və təhsil  müəssisələrində  tibbi  və psixoloji xidmətin təşkili,  beynəlxalq  təcrübəni  öyrənməklə  üç  və  daha  çox uşaqlı ailələrə sosial dəstək proqramlarının  həyata  keçirilməsinə ehtiyac vardır.  Bütövlükdə, mən 2026-cı il üçün  dövlət büdcəsi layihəsini  əhatəli hazırlanmış sənəd hesab edirəm.