Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyev Milli Məclisə keçiriləcək növbədən kənar parlament seçkisində Nizami rayonundan öz namizədliyini irəli sürəcək. Vətəninfo.az xəbər verir ki, Əhməd Vəliyev hər zaman Samir Vəliyevi himayəsindən kənarda tutmayıb. Belə ki, sabiq deputat oğlunun vəzifə pillələrində sürətlə yüksəlməsində müstəsna rol oynayıb. Böyük ailə biznesinə Vəliyevlərin “bal”ından qidalanan bəzi məmurlar bu işdə Əhməd Vəliyevə dəstək veriblər. Bu gün artıq Samir Vəliyev atasının davamçısı olmaq, parlamernt kürsüsündə əyləşmək niyyətindədir. Samir Vəliyevin necə yüksəlməsini oxucularımızın diqqətinə catdırırıq.
Samir Vəliyev çox qısa müddət ərzində doktorluq işini müdafiə edərək, professor olur. Hətta bələdiyyə seçkilərində Nərimanov dairəsindən namizədliyini də irəli sürür. Ən böyük vəzifəsi atasının universitetində prorektor olan Samir Vəliyev günlərin birində Təhsil Nazirliyində məsul vəzifəyə təyin olunur. O, əvvəlcə təhsil nazirinin müşaviri vəzifəsini icra etdi, bir müddət sonra “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifəsinə təyin olundu. Lakin bir müddət də keçdi və nazir onu özünə yenidən müşavir təyin etdi. Daha sonra Samir Vəliyev Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Mediada yayılmış məlumatlara görə, hələ o zaman Əhməd Vəliyev oğlunun yüksəlişi üçün bir çox adama minnətçi düşüb. Samir Vəliyevin Təhsil Nazirliyində hazırda tutduğu vəzifəsi fonunda “diplom biznesi” avtomatik olaraq yenidən ön plana çıxır.
Bu gün isə öz dəbdəli həyat tərzi ilə medianın dilindən düşməyən Samir Vəliyevin birdən birə kürsü eşqinə düşməsi onu deməyə əsas verir ki, Vəliyev bu istəyinə də catacaq. Samir Vəliyev hal-hazırda Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədridir. Bu da Samir Vəliyevin tezliklə parlamentə yolunu açan qapıdır.
Mövzuya dair araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Veteninfo.az