Əlaqələr uğurla inkişaf edir

Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb. 2003-cü ilin oktyabrından Respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir.

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi xəttidə önəmli yer tutur. Ölkəmiz regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. Ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib. Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri də bu baxımdan böyük önəm kəsb edir.

Cari ilin 19 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçımız bildirmişdir ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir.

Dövlətimizin başçısı bəyanatında bildirmişdir ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Ölkə başçımız bildirdi ki, dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq diqqətə çatdırdı ki, Bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparılır. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.

Sonda əminliklə demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcəkdir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri