“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi barədə
Hörmətli xanım sədr!
Hörmətli Baş Nazir!
Hörmətli deputatlar və hökümət üzvləri!
Hər il olduğu kimi bu il də ölkə iqtisadiyyatının əsas parametrlərini özündə əks etdirən növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələri xüsusi diqqət və maraq doğurur. Respublikamızın 2026- cı il dövlət büdcəsinin gəlirləri və xərcləri haqqında təqdimatlarda və çıxışlarda ətraflı məlumat verildi. Mən, gələn ilin büdcəsini cari ilin büdcəsindən fərqləndirən bəzi məqamlara Sizin diqqətinizi cəlb etmək istəyirəm.
Əvvəlcədən onu bildirim ki, həmişə olduğu kimi gələn ilin büdcəsi də sosial yönümlüdür. Belə ki, 2026-cı il üçün dövlət büdcəsində sosialyönlü xərclər (əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinatlar, dərman, sarğı ləvazimatları və materialların alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri) 41 faiz (17,1 milyard manat) nəzərdə tutulub. Bu da cari ildən 1,3 faiz çox olmaqla inkişaf etmiş ölkələr səviyyəsindədir. Sosial məsələlərə hökumətin xüsusi diqqət yetirməsi bu sahəyə yönəldilən investisiya xərclərində də göstərir. Belə ki, sosial yönlü layihələrə əsaslı vəsait qoyuluşu gələn il 9,4 faiz artımla nəzərdə tutulmuşdur. Bu da hörmətli Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi siyasətin əsas məqsədinin insanların sosial-rifah halının yaxşılaşmasını bir daha sübut edir.
Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 2025-ci ilə nisbətən 11,4 faiz az (1 milyard 646 milyon manat) nəzərdə tutulması büdcənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa yönəlmişdir. Bu da müsbət hal kimi qeyd olunmalıdır. Digər bir məsələ əlavə dəyər vergisi üzrə daxilolmaların getdikcə artmasıdır. Gələn il əlavə dəyər vergisindən büdcəyə 9 milyard 216 milyon manat vəsaitin daxil olması gözlənilir ki, bu da ümumi gəlirlərin 23,9 faizini təşkil edir. Bu isə o deməkdir ki, ölkəmizdə əmtəəlik məhsul istehsalı getdikcə artır və əvvəlki illərdə istehsala yönələn sərmayələr öz faydasını vermişdir.
Maraq doğuran məsələlərdən biri də Böyük Qayıdış Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesində dövlət büdcəsi payının azaldılmasıdır. Gələn il bu məqsədlə dövlət büdcəsindən 500 milyon manat az (cəmi 3,5 milyard manat) vəsait ayrılması nəzərdə tutulur. Lakin 2026-cı ildə bu prosesə qeyri-büdcə təşkilatlarının 48,9 milyon manat vəsaitinin cəlb edilməsi təqdirə layiq hal hesab edilməlidir.
Müzakirələrdə hökumət üzvlərinin iştirakını nəzərə alaraq seçicilərimin, habelə Bakı şəhəri və ətraf qəsəbə və kənd sakinlərinin çoxsaylı müraciətlərinə əsasən iki məsələnin həllinə ciddi diqqət yetirilməsini vacib hesab edirəm. Bildiyiniz kimi yaranmış vəziyyətlə əlaqədar hazırda Bakı şəhəri və ətraf yaşayış məntəqələrində əhalinin sayı xeyli artıb. Bu da məktəblərdə sıxlıq yaratmaqla təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Yaxşı olar ki, məktəb tikintisində dövlət büdcəsinin yükünü azaltmaq üçün özəl sektor bu işə cəlb olunsun və özəl məktəblərin tikintisində sahibkarların imkanlarından da istifadə olunsun.
Digər bir məsələ Bakıda və ətraf ərazilərdə qəbiristanlıqların çatışmamasıdır. Deputatı olduğum seçki dairəsinin əhatə etdiyi Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 7 hektar boş sahənin bu məqsədlə ayrılması barədə müraciətlər etmişəm. Abşeron rayon icra hakimiyyəti həmin torpaq sahəsinin kimlərinsə istifadəsinə verildiyini bildirsə də hazırda bu sahə istifadə olunmur və digər sahə də ayrılmır. Məlumat üçün bildirirəm ki, belə vəziyyət həm Bakıda və həm də digər qəsəbələrdə mövcuddur. Ona görə də hesab edirəm ki. problemi tezliklə həll etmək üçün hökumətin müvafiq tədbirlər görməsinə böyük ehtiyac vardır.
Mən qanun layihəsini dəstəkləyirəm deputat həmkarlarımı onun lehinə səs verməyə çağırıram.
Diqqətinizə görə sağ olun.
Hesablayıcı komissiyanın sədri
Eldar Quliyev