Milli Məclisin deputatı Xanlar Fətiyev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində 2024-cü ilin yekunları, seçicilərlə görüşlər, onların qarşılaşdıqları problemlərin həlli istiqamətində görülən işlərdən danışıb.
- Xanlar müəllim ilk öncə müsahibə üçün bizə vaxt ayırdığınız üçün minnətdarıq. 2024-cü il artıq başa çatır. 2024-cü ili dəyərləndirməli olsaydınız bu ili necə qiymətləndirərdiniz?
- Çox təəssüf ki, 2024-cü ilin sonlarında ağır və xalqımız üçün çox kədərli olan bir hadisənin şahidi olduq. Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması və bu qəza nəticəsində vətəndaşlarımızın həlak olması, bir çoxunun yaralanması olduqca üzücü hadisə oldu. Mən fürsətdən istifadə edib qəza nəticəsində həyatını itirən vətəndaşlarımızın yaxınlarına baş sağlığı verir, yaralılara şəfalar diləyirəm. Məlumdur ki, hazırda hadisənin baş verməsi ilə bağlı ciddi iş gedir. Artıq qəzanın baş verməsi səbəbi ilə Rusiya dövlətinin başçısı Vladimir Putin cənab İlham Əliyevlə telefon danışığı zamanı üzrxahlıq edib və hadisənin baş verməsində günhahkar olanların müəyyənləşdiriliməsi istiqamətində lazimi addımların atılacağını bildirib. Cənab Prezident isə öz növbəsində araşdırmaların obyektiv aparılacağına ümid etdiyini bildirib. Dövlətimiz tərəfindən təyyarə qəzasında həlak olanların ailəsinə, yaralılara lazım olan dəstək göstərilib, lazımi köməkliklər edilib. AZAL-ın 3 əməkdaşı Prezident İlham Əliyev tərəfindən göstərdikləri sücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. Yaralılar isə dövlət başçısı tərəfindən “Rəşadət” ordeni ilə təltif olunublar. Lakin ümumən götürəndə 2024-cü ilə nəzər salsaq bu ili Azərbaycan üçün həm iqtisadi və həm də siyasi baxımdan uğurlu quymətləndirmək lazımdır. İlin ən böyük siyasi hadisəsi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlərini təsdiq etdilər. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, torpaqlarımızı işğaldan azad olunmasını, ərazi bütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə növbəti dəfə etimad göstərdilər. 2024-cü il Azərbaycanda həm də parlament seçkiləri ili kimi yadda qaldı. Sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin də nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını bir daha nümayiş etdirdi. Bir daha göründü ki, xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbərdir. 2024-cü ilin mühüm siyasi və eyni zamanda diplomatik hadisəsi Rusiya sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir. Məlum olduğu kimi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən bir vaxtlar erməni separatçıların mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. Bəyanata əsasən sülhməramlı kontingentinin qalma müddəti 5 il idi. Lakin 2023-cü ilin sentyabr ayında Azərbaycan dövlətinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyulması, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edilməsi, Qarabağdakı ermənilərin isə ölkəmizi könüllü şəkildə tərk etməsi nəticəsində Rusiya sülhməramlılarının öz missiyalarını davam etdirmələrinə ehtiyac qalmadı və onlar Azərbaycanı tərk etdilər. Təbii ki, bu da Azərbaycan dövlətinin növbəti siyasi uğuru idi. 2024-cü ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad edilməsi də Azərbaycanın siyasi uğunun təcəssümü kimi qiymətləndirilir. Bu kəndlər ötən əsrin 90-cı illərinin əvvəllərindən işğal altında idi. Xatırladım ki, Cənab Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini hələ 2020-ci ildən qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, kəndlərin azad edilməsi istiqamətdə ardıcıl iş aparıldı. 2024-cü ilin aprel ayında bu kəndlər Azərbaycana qaytarıldı. Bu kəndlərin azad olması Azərbaycanın daha bir siyasi zəfəri, Prezident İlham Əliyevin növbəti mühüm diplomatik uğuru oldu. Bu il Azərbaycan daha bir böyük siyasi-diplomatik uğura da imza atdı. Bunlardan biri Bakı şəhərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi oldu. Noyabr ayında keçirilən bu beynəlxalq tədbirdə iştirak etmək üçün respublikamıza 80 dövlət və hökumət başçısı gəldi. Bu, həm Prezident İlham Əliyevə, həm də Azərbaycana olan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı COP29-da iştirak etdi. 12 gün davam edən COP29 iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bir sıra vacib razılaşmaların əldə olunması, dövlətlər və şirkətlər arasında müxtəlif sazişlərin bağlanması ilə yadda qaldı. Əldə olunan müsbət nəticələr həm də respubilkamızın COP29-a sədrliyinin nailiyyətləri oldu. Azərbaycanın başqa bir qlobal uğuru dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu təşkilatın üzvü seçilməsidir. D-8 təşkilatına üzvlük Azərbaycan üçün perspektivdə çox böyük strateji və iqtisadi imkanlar yaradır, ticarət dövriyyəmizin daha da genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda qeyd edildiyi kimi Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcək. Bundan başqa 2024-cü ili ölkəmiz iqtisadi sahədə də nailiyyətlərlə başa vurur. Bu ilin 11 ayı ərzində iqtisadi artım 4,1%-dən çox olmuş, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır. Strateji valyuta ehtiyatlarımız 72 milyard ABŞ dollarını ötmüşdür. Bütün bunlar göstərir ki, respublikamızda düşünülmüş və effektiv iqtisadi siyasət kursu həyata keçirilir. 2025-ci il üçün minimum əmək haqqının 345 manatdan 400 manata qaldırılması, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılması əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqəmatəndə atılan addımlardandır. Azərbaycan həm siyasi, həm hərbi həm iqtisadi və demək olar ki, bütün sahələrdə uğurla inkişaf edir. Bu uğurların banisi isə Cənab Prezident İlham Əliyevdir. Biz hər birimiz daim Cənab Prezidentin ətrafında sıx birləşib onun həyata keçirdiyi siyasətə dəstək veririk.
-Xanlar müəllim Siz 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Millət vəkilisiniz. Seçicilərinizlə görüşləriniz necə keçir?
- Təmsil etdiyim dairə üzrə qəbul olunan qrafiklə seçicilərlə mütəmadi görüşlərimizi həyata keçiririk. Millət vəkili ilə görüşlərə maraq çox olur. Seçicilərimiz görüşlərdə fəali iştirak edir, yaşadıqları ərazinin problemlərindən, özlərinin qarşılaşdıqları çətinliklərdən danışırlar. Mən də onları dinləyir və bu istiqamətdə fəaliyyətimizi qururuq. Elə müraciətlər olur ki, onları elə yerindəcə həll edirik. Bəziləri ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciətlər olunur.
- Yeri gəlmişkən bu il Sizin Müşahidə Şurasının Sədri olduğunuz Gəncə avtomobil zavodu İB-nın fəaliyyətə başlamasının 20 illiyi tamam olur....
- Bəli. Artıq zaman keçdikcə əldə olunan təcrübə və geniş əməkdaşlıq mühiti çərçivəsində müəssisənin fəaliyyət sferası genişlənir. Bununla yanaşı yeni texnoloji naliyyətlərdən istifadə etməklə ortaya məhsuldar iş qoymaq əzmindəyik. Əgər 2004-cü ildə müəssisə fəaliyyətini OKA markalı avtomobillərlə başlamışdısa hazırda zavodda sifarişə uyğun olaraq müxtəlif model və modifikasiyalarda traktorlar, yük avtomobilləri, kombaynlar, avtobus və elektrobuslar yığılır. 2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verilib. Bu müddətdə zavodda 5000-dən çox müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb. Onu da bildirim ki, Gəncə avtomobil zavodu İB-i artıq uzun müddətdir ki, avtomobillərin və kənd təsərrüfatı texnikalarının yığımı sahəsində yetərincə ixtisaslaşmış müəssisədir. Zavodun həm texniki şəraiti, həm də işçi potensialı istənilən model texnikanın yığımını həyata keçirməyə imkan verir. Bazarın tələblərinə uyğun addımlar atmağı, bu sahədə yeni texnolojiyaların tətbliqini qarşıya məqsəd qoymuşuq. Kifayət qədər işguzar komanda formalaşıb. Biz daim dövlətimizin, onun layiqli lideri İlham Əliyevin diqqət və qayğısını üzrəmizdə hiss edirik. Cənab Prezidentin tapşırıq və tövsiyələrdən rühlanaraq “Addım –addım yeni uğurlara doğru” irəliləyirik. Bu 20 ildə keçdiyimiz yol və bu yolda bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.
Ədil Ədilzadə