"Bir çoxları düşünür ki, müxalifət olmaq asandır. Hətta, müxalifətin məsuliyyətsiz və nəticəsiz kəsimi də müxalifətçiliyi kamera qarşısında artistlikdə görür".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, əsl dövlətçi müxalifət partiyası olmaq iki tərəfin yükünü çiyinlərdə daşımaqdır.
"Əli Kərimli və digərləri kimi pafoslu müxalifətçi olmaq asandır. Onların missiyası birdir. Hər şey pisdir, hər kəs pisdir, iqtidar da pisdir, özümdən başqa müxalifət də pisdir. Yalnız mən doğruları deyirəm. Fərqli düşünənlər düşməndir. Onlar müxalifətçiliyə nifrət yaradır. Elə siyasət aparırlarlar ki, müxalifətçi olmaq - barışmaz olmaq və yaxşını da ən sərt şəkildə tənqid və təhqir etməkdir. Bu təbliğatla hara gedirik? Onların bu cür hərəkəti bizim də parlamentdə əl-qolumuzu bağlayır. Bundan sui-istifadə edən vəzifəli şəxslər var ki, bizim də tənqidi çıxışlarımızı birbaşa ölkənin birinci şəxsinə qarşı qoymaq istəyirlər. Məgər ölkə naminə doğruları demək, problemi göstərmək üçün barmaq uzatmaq dövlətə qarşı çıxmaq deməkdir? Əsla! Dövlətçi olmaq, dövləti sevmək həqiqətləri cəsarətlə deməkdir".