Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

Dünən seçicilərimizlə növbəti görüşümüzü gerçəkləşdirdik. Dairə sakinlərinin müxtəlif məzmunlu problemlərini dinlədik, qayğılarını öyrəndik. Əsas çətinlik məşğulluqla bağlıdır. Səbəb isə bəllidir: pandemiyanın yaratdığı məhdudiyyətlər. Ən geniş yayılmış hal budur ki, iqtisadi fəsadlar xidmət sektorunda işləyən vətəndaşlara çox toxunur. Bundan əlavə, iş həcminin azalması səbəbindən bəzi kiçik sahibkarlıqla məşğul olan seçicilərimiz də çətinliklər yaşayırlar.

Dairəmizin bir qismi söküntü ərazisinə düşür deyə, kompensasiyaların azlığından şikayətlənən seçicilərimiz var. Bu məsələ ilə bağlı onlarla bir neçə dəfə görüşlər keçirmişik, həm fərdi şəkildə, həm də Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə. Bildiyiniz kimi, Milli Məclisdə hökumətin 2020-ci ilə dair hesabatı dinlənilərkən problemlə bağlı hörmətli Baş nazirə müraciət etmişəm. Qeyd olunub ki, problemə ən tez zamanda münasibət bildiriləcək.

Sevindirici haldır ki, görüşə gələn vətəndaşlarımız, xüsusilə gənclərimiz arasında çox maraqlı təşəbbüslərlə çıxış edənlər olur. Bu təkliflərin hər birinə diqqətlə yanaşılacaq. Dairəmizin infrastruktur problemləri daima diqqətimizdədir, onları öz gücümüzlə və icra orqanlarının dəstəyi ilə həll etməyə çalışırıq. Yaxın günlərdə dairəmizdə, məşhur “5 mərtəbə”nin həyətində bina sakinləri olan övladlarımız üçün inşa olunan mini futbol meydançasını istifadəyə verəcəyik. Bir sıra texniki məsələlərin həllindən sonra uşaqlar asudə vaxtlarında burada top qovacaqlar. Oxşar layihələri dairəmizin digər ünvanlarında da həyata keçirməyi planlaşdırırıq.

Hər bir problemin həlli var. Qayğı həssas münasibət tələb edir. Seçicilərimizlə olan ünsiyyətimiz onları maraqlandıran məsələlər barədə təfərrüatlı məlumat almağa imkan verir. Birlikdə hər bir maneəni dəf etmək mümkündür. Gücümüz birliyimizdədir