17 aprel tarixində Aqrar siyasət komitəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun layihəsini müzakirə etdik.
Çıxışımda ilk öncə bu qanun layihəsinin əhəmiyyətini vurğuladım. Belə ki, sözügedən qanun layihəsi ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, turizm klasterinin növbəti mərhələsinin, daha müasir istiqamətlərinin ölkəmizdə inkişafı üçün yeni imkanları yaratmaqla yanaşı həm də sahibkarlara və investorlara öz maliyyə vəsaitlərini etibarlı şəkildə investisiya etmək üçün imkan qazandırır.
Süni torpaq sahələrində tikinti obyektlərinin yaradılması və onların istifadəsi ilk öncə nəqliyyat ilə bağlı suallar doğurur. Süni torpaq sahəsinin yaradılması üçün müraciət paketi tərtib olunmuş, burada proses və tələb olunan sənədlər barədə ətraflı məlumat verilmişdir. Hesab edirəm ki, logistika məsələlərinin həlli ilə bağlı təklif və rəylər də bu müraciət paketinə daxil edilməlidir.
Qanunun maddəsində süni torpaq sahəsinin yaradılması üçün edilən müraciətdə inşa ediləcək tikinti obyektlərinin təyinatının göstərilməli olduğu da qeyd edilmişdir. Çıxışımda bildirdim ki, biz qanun layihəsində süni torpaq sahəsinin yaradılmasının hansı sahələrə şamil edildiyini göstərsək daha faydalı olar. Bu cür prioritetləşmə müəyyən edilərkən eyni zamanda ölkə iqtisadiyyatının prioritetləri, son illər xüsusi önəm verdiyimiz ətraf mühitin qorunması faktorları və sair amillər nəzərə alına bilər. Məsələn yaşayış fondunun formalaşması, bərpa olunan enerji istehsalı sektoru, turizm klasteri, əyləncə sektoru bura aid edilə bilər.
Son olaraq süni torpaqlardakı tikinti obyektlərinin, sifarişçilərin icarəsinə uzunmüddətli verilməsi məsələsinə baxılmasının məqsədəuyğun olduğunu bildirdim. Qanunun maddəsinə əsasən hüquqi və ya fiziki şəxs süni torpaq sahəsində inşa etdiyi bina və qurğuların istismarına icazə verildiyi gündən onlar üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müraciət edə bilər. Amma həm bu qanuna görə, həm də Torpaq Məcəlləsinə görə süni torpaq sahələri dövlət mülkiyyətidir və süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilmir. Təklif etdim ki, bu cür torpaqlar tikinti obyektlərinin, sifarişçilərin icarəsinə uzunmüddətli verilməsi məsələsi, məsələn ən azı 50 il müddətinə verilməsi qanunda əksini tapsın. Belə olduqda investor da daha arxayınlıqla öz vəsaitini bu sahəyə investisiya edə biləcək.
Emin Hacıyev
Milli Məclisin deputatı