Mayın 30-da Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənəddə bir sıra cinayətlərin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla, həmin əməllərə görə sanksiyanın sərtləşdirilməsi təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.