Ermənistan bölgədə təklənir

Kifayət qədər mürəkkəb bir tarixi dövr yaşayan və qlobal qütblərin qarşıdurma nöqtəsinə çevrilmiş Gürcüstanda seçkilərin ardınca bu ölkənin yeni Baş naziri İrakli Kobaxidzenin işgüzar xarakter daşısa belə ilk səfərini Azərbaycana etməsi Cənubi Qafqaz tarixində tamamilə yeni bir dövrün başlamasından xəbər verir.

Səfər çərçivəsində liderlərin birgə bəyanatında da deyildiyi kimi, "Azərbaycan - Gürcüstan münasibətləri çox dərindir və keçmişə söykənir". Lakin hazırkı dönəmdə həm Azərbaycan, həm də Gürcüstan çox daha müstəqil davrana bilən suveren güc kimi çıxış edə bilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi, cənab İlham Əliyev tərəfindən isə tam iqtisadi müstəqilliyə nail olmuş Azərbaycan Respublikası 2020-ci ildə Vətən müharibəsindəki qələbəsi, 2023-cü ildə isə separatizmə son qoyması ilə özünün suverenliyi qarşısında bütün maneələri aradan qaldırıb. Son bir neçə ilə qədər Qərb subyektlərinin əlində oyuncağa çevrilmiş Gürcüstan isə xüsusən son seçkidən sonra neoimperializmin əks cəhdlərinə rəğmən

artıq sərbəst iradə ifadə etməyə başlayıb. Bu prosesdə Gürcüstanın ilhamlandığı əsas qlobal subyekt isə Azərbaycandır və Tbilisi üçün suverenlik yolunda əsas müraciət edəcəyi formul İlham Əliyevin nail olduğu uğurlu nümunədir. Gürcüstan rəhbəri də Bakıda liderlərin birgə bəyanatı zamanı bunu açıq formada dilə gətirməkdən çəkinmədi - "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz".

 

İkincisi, bu gün Qərb qütbü daha konkret desək, ABŞ və Avropa İttifaqı faktiki olaraq beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə tam zidd olaraq Gürcüstanın daxili işlərinə israrla qarışmağa cəhd göstərdiyi bir situasiyada Azərbaycan ortaya müstəqil və ədalətli mövqe qoyan az saylı dövlətlərdən biri, cənab İlham Əliyev isə demək olar ki, yeganə liderdir. Cənab  

Baş nazir İrakli Kobaxidzenin bəyanatında da ifadə olunduğu kimi, "Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm". Ən nəhayət, Gürcüstan üçün elə Azərbaycan əvəzolunmaz tərəfdaşdır ki, Tbilisi üçün başqa heç bir əməkdaşlıq Bakının rolunu üstələyə biıməz. Belə ki, Azərbaycan Gürcüstan istisadiyyatına 3,6 milyard dollar sərmayə yatırıb. Gürcüstan üçün bu ölkə üzərindən Azərbaycanın 11 ölkəyə öz təbii qazını ixrac etməsi əhəmiyyətli siyasi və iqtisadi dvitentlər gətirməkdədir. Habelə, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində həlledici rol sahibidir, daha dəqiq desək, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Təbii ki, bu amillərin toplusu Gürcüstan Baş nazirinin ilk səfərini Bakıya etməsi üçün kifayət qədər əsaslar yaradır. Baş nazir Kobaxidzenin özü də birmənalı formada ifadə etdi ki, "Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk".

Azərbaycanın rakursundan baxdıqda isə

İrakli Kobaxidzenin səfəri və Bakıdan verdiyi bəyanatlar Azərbaycanın qlobal müstəvidə mühüm qələbələr seriyasının davamı hesab edilməlidir. 

Birincisi, sirr deyil Qərb qütbü birmənalı şəkildə Cənubi Qafqazda sülh və sabitlik arzulamır. Uzun bir dövr ərzində Azərbaycan cəmiyyətində vətəndaş cəmiyyəti institutları, media və ayrı-ayrı siyasi "piyadalar" vasitəsi ilə cəmiyyətin monolitliyini pozmaq istiqamətində səylər göstərilir və bu cəhdlər bir qayda olaraq Gürcüstanda möhkəmlənmiş qərb kökənli mərkəzlərdən idarə olunurdu. Belə bir məqamda, Qərbin buxovlarından qurtulmağa çalışan Gürcüstanın hökumət başçısının Bakıdan açıq mətnlə "Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq" məzmunlu bəyanatı Qərbin daha bir fiaskosu sayılmalıdır və Qərb dairələrinin ölkəmiz əleyhinə apardığı qara PR, nüfuz zədələmə cəhdlərinə sillə kimi cavabdır.

Eyni zamanda bu mövqe sülh qarşısında əngəl kimi çıxış edən Ermənistan üçün arzuolunmaz durumdur. Belə ki, Gürcüstanın beynəlxalq hüququ rəhbər tutaraq Cənubi Qafqazda real sülhə verdiyi dəstək təcavüzkar mahiyyətini qorumaqla havadarlarının alətinə çevrilən Ermənistanın bölgədə faktiki təklənməsidir.

İbrahim ZAHİDLİ,

EU Business School Geneva məzunu.