"Ermənistan odla oynayır"

“Kəlbəcər istiqamətində ordumuzun bölmələrinin intensiv atəşə tutulması bilavasitə Ermənistan dövlətinin son dövrlər apardığı siyasətin nəticəsidir. Seçkilərdən sonra Qərbin müəyyən dairələrindən dəstək alan Nikol Paşinyan 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaları icra etməkdən yayınır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki,Kəlbəcər istiqamətində baş verənlər ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməklə “status” məsələsinin  gündəmə gətirilməsi, SSRİ dövründə təsdiq olunmuş xəritələrin əsasında delimitasiya, demarkasiya işlərini ləngidilməsi, Azərbaycan əsgərlərinin faktiki tutduqları mövqedən geri çəkilməsini, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq məqsədi güdür: “Fransa hərbiçilərini regiona sülhməramlı qismində dəvət etmək kimi boş xəyallar qurur. Düşünürəm ki, Rusiya buna imkan verməz. Mənim məlumatıma görə, Fransa BMT-nin Təhlükəsizlik Şurasına Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli razılaşmanın ləğv olunması üçün qətnamə hazırlayır. Hesab edirəm ki, qətnamə Təhlükəsizlik Şurası tərəfindən tam dəstək almayacaq. Əks təqdirdə regionda olduqca təhlükəli proseslər başlaya bilər və bunun qarşısını heç bir qüvvə ala bilməz. Ermənistan odla oynayır. Bu oyunda erməni xalqı diasporanın və  Makronsayağı lobbiçilərin əlində qurbanlıq qoyundur”.

N.Məhəməliyev bildirib ki, atəşkəsin pozulması Azərbaycana qətiyyən sərf etmir: “Biz öz dövlət sərhədlərimizə çıxmışıq və orada möhkəmlənirik. Ermənilər isə təxribatlarla bizi dediyim məsələlərdə güzəştə getməyə məcbur etmək istəyirlər. Ancaq yanılırlar.

Zəngəzur əməliyyatı barədə isə danışmaq tezdir. İndiki vəziyyətdə qarşıda duran əsas vəzifə döyüş meydanında əldə etdiyimiz qələbəni diplomatik müstəvidə sənədləşdirməli, sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq”.