“Əsgərə Xatirə kitabı” layihəsi və “Çinar” kitab evinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin şöbə rəisinin müavini polkovnik-leytenant Anar Nəbiyev, respublikanın Əməkdar aktrisası Kübra Əliyeva, Peşəyönümlü Təhsilini inkişafına Yardım İB Sədri, alim pedaqoq İradə Əlili, “Çinar” kitab evinin baş katibi
Rəna Bayramova, İdarə heyətinin fəal üzvü, tibb bacısı Elba Məmmədova və digər ictimai xadimlər, gənc fəallar iştirak ediblər.
Tədbirdə “Əsgərə xatirə kitabı” layihəsinin bir qrup fəxri üzvləri Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işindəki xidmətlərini nümunəvi iş olaraq nümunə kimi səciyyələndirərək dəyərləndiriblər.
Layihə rəhbərliyi çıxışı zamanı tədbirdə iştirak edən “Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, digər idarə, müəssisə və təşkilatlara, tədbirin keçirilməsində ev sahibliyi edən “Çinar” kitab evinə və rəhbərliyə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən layihə rəhbəri Nuranə Şıxəliyeva diqqətə çatdırıb ki, 26 iyun Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən Müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Qeyd olunub ki, Azərbaycan əsgəri 30 ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.
Nuranə Şıxəliyeva başda Ali Baş Komandan olmaqla Müdafiə Nazirliyinin bütün şəxsi heyətini Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib.














