“Əsir, girov və itkinlərin axtarışına dəstək” videoçarxının təqdimatı keçirilib

27 avqust 2024-cü ildə “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əsir, girov və itkinlərin axtarışına dəstək” adlı layihəsi çərçivəsində hazırlanan videoçarxın təqdimatı keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun binasında keçirilən tədbirdə  şəhid ailələri, qazilər, veteranlar və QHT nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naiba Behbudova layihə haqqında iştirakçılara məlumat verdi. O bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əsir, girov və itkinlərin axtarışına dəstək” adlı layihə 1 iyun 2024-cü ildən start götürüb müxtəlif rayonlarda çəkilişlər həyata keçirib. Layihənin əsas məqsədi isə Qarabağ müharibəsində əsir və girov qalmış ailələrin yaşadıqları faciəli həyat yolları haqqında videoçarx hazırlamaq idi. Layihə, həmçinin əsir, girov və itkin düşmüş şəxslərin axtarışı və bu mövzuda cəmiyyətin məlumatlandırılması məqsədilə önəmli bir addım olub. Bu cür təşəbbüslər, itkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq və onların haqq səsini dünyaya çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra hazırlanan videoçarx iştirakçılara təqdim olunub.

Video: Link

Sənan İmanov