“Ermənilərin və onların havadarlarının Azərbaycana və ölkəmizin milli-mənəvi dəyərlərinə, əsas atributlarından sayılan məhsullarına qarşı təxribatları bitmək, tükənmək bilmir. Bu dəfə onlar guya Azərbaycan məhsullarının, xüsusilə də Azərbaycan narının Ermənistan bazarlarında satılması ilə bağlı təxribat xarakterli materialları sosial şəbəkələrə sızdırıblar.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
F.Qaraşov bildirib ki, paylaşımlarda qarşısına ermənicə "Qarabağ narı" yazısı yazılan Azərbaycan məhsulunun Ermənistan bazarlarında yer aldığı göstərilir: “Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanla Ermənistan arasında rəsmi olaraq heç bir siyasi, iqtisadi münasibətdən söhbət gedə bilməz. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin olmadığından Azərbaycan narının Ermənistana birbaşa ixracı qeyri-mümkündür. Təəssüflə qeyd edim ki, bəzi media qurumları Azərbaycan narının Gürcüstana, oradan da Ermənistana aparılması və orada satılması ilə bağlı əsası olmayan məlumatlar yayıblar. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri olaraq bildirmək istəyirəm ki, yayılan məlumatlar əsassızdır və heç bir reallığı əks etdirmir.”
Fərhad Qaraşov vurğulayıb ki, son illər Azərbaycan narının əsas ixrac istiqamətləri genişlənir. Əsasən Avropa, Fars körfəzi ölkələrinə ixrac olunan Azərbaycan narının əsas alıcılarından biri də ənənəvi qonşu ölkələrdən Rusiya və Gürcüstan bazarıdır: “Bu qonşu ölkələrin bazarlarından Azərbaycan narının üçüncü ölkələrdə, o cümlədən İrəvana aparılaraq satılması halları mümkün ola bilər.”
İdarə Heyətinin sədri sonda bir daha diqqətə çatdırdı ki, bu erməni şovinizminin bir parçasıdır: “Onlar Azərbaycana qarşı müxtəlif istiqamətlərdə məkrli siyasəti yenə də davam etdirirlər.”