"Özünü iqtisadçı, siyasi ekspert hesab edən bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər yayaraq Türkiyədə baş vemiş zəlzələnin Azərbaycanda da olacağını "proqnoz verirlər". Onlar Xəzər dənizində neft və qaz hasilatı ilə əlaqədar qazılmış quyuların belə bir təhlükəyə səbəb ola biləcəyini iddia edirlər. Yalnız bisavad adamlar bu məlumatları yaza və yaya bilər. Ona görə ki, ən dərin neft və qaz quyusunun ölçüsü 2-3 km-dir. Türkiyədə baş vermiş zəlzələnin episentri isə 17-20 km dərinlikdə qeydə alınıb. Ümumiyyətlə, zəlzələlər 15 km-dən daha dərinlildə baş verir və bu göstərici 40 km dərinliyə kimi arta bilir. Ona görə də neft və qaz istehsalının zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Boşluq əmələ gələrsə, bu, müəyyən kiçik təkanlara yarada bilər, amma insan fəaliyyəti böyük zəlzələrə səbəb ola bilməz. Bir daha təəssüflə qeyd edirəm ki, özünü ekspert və siyasətçi adlandıran bir qrup şəxs sosial şəbəkələrdə belə şaiyələr yaymaqdan çəkinmirlər".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, bundan başqa sosial şəbəkələrdə bəzi konspiraloji nəzəriyyələr irəli sürülür ki, guya bu zəlzələlər hansısa ölkələr tərəfindən təşkil olunub, tektonik silahlarda istifadə edilib və s: "Bu kimi şaiyələr ilk dəfə deyil ki, ortaya çıxır. Hər böyük zəlzələlərdən sonra insanlar arasında belə iddialar yayılır və hər dəfə də təkzib olunur. Müqayisə üçün qeyd edim ki, Türkiyədəki zəlzələdən daha zəif zəlzələnin baş verməsi üçün Xirosimada partladılmış bombanın 50 qat gücündə bomba partladılmalıdır. Bunu isə kimsə 15 km dərinliyə qazıb yerləşdirməlidir. İndiki vəziyyətlə bağlı bu, Türkiyə ərazilərində edilməldir. Göründüyü kimi, bu mümkün deyil. Dünyada ən dərin quyu vaxtilə Sovet İttifaqı tərəfindən Kola yarmadasında 11 km dərinliyində qazılıb və sonradan bu layihə bağlanıb. Heç bir ölkənin texnologiyasında zəlzələləri süni şəkildə yarada biləcək tektonik silah mövcud deyil. Ona görə də hər kəsi neft-qaz quyusu və ya tektonik silahlarla bağlı uydurmalara inanmamağa çağırıram".