"Plastik qablarda saxlanılan qidalar zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür"

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisin birinci oxunuşda müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə Qanun layihəsi barəsində ətraflı məlumat verib. 
Komitə sədri qeyd edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmişdir: "Qeyd etməliyəm ki, son dövrlər Prezident İlham Əliyev, Azərbaycan hökuməti ölkədə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələsini, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, onun beynəlxalq hüquqa cavab verəcək səviyyəyə qaldırılmasını diqqət mərkəzində saxlayır, ardıcıl tədbirlər görür. İki il öncə (2018-ci ildə) ölkədə "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-ci-2022-ci illər üçün Milli Strategiya” təsdiqlənmişdir. Ötən ilin (2019) əvvəlində isə cənab Prezident tərəfindən "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldırılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Plan” qəbul edilmişdir. Bu Planda nəzərdə tutulan tədbirlərdən biri sözügedən sahə ilə bağlı qanunvericiliyin təkmillədirilməsidir". 
 S.Qurbanov onu da deyib ki, müzakirəyə çıxarılan Qanun layihəsi Tədbirlər Planında nəzərdə tutulan müvafiq bəndin icrasının təmin edilməsinə yönəlib: "Qanunun qəbulunun vacibliyi ilə bağlı qeyd etmək istədim ki, bu gün plastik qablaşdırma tullantıları ətraf mühitə mənfi təsir edən əsas çirkləndiricidir. Aparılmış təhlillər göstərir ki, son 60 il ərzində bərk məişət tullantılarının tərkibində plastik tullantılarının həcmi 1 faiz göstəricidən 12 faizə qalxmışdır. Məsələnin ciddiliyi bir də ordadır ki, plastik tullantılar təbiətdə 100 illər ərzində parçalanmır, həcmi isə il bə il artır. Dünya üzrə 1950-ci ildə 1,5 milyon ton həcmində plastik məhsul istehsal olunmuşdursa, 2019-ci ildə bu göstərici 500 milyon tonu keçmişdir. Rəsmi statistik məlumatlara əsasən, 2017-ci ildə Azərbaycan ərazisində istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-il ilə müqayisədə 2,5 dəfə artmışdır. Bununla yanaşı 2009-cu il ilə müqayisədə 2017-ci ildə ölkəyə 5 dəfə çox plastik qablaşdırıcı məhsul idxal edilmişdir. İcra olunan müxtəlif layihələr çərçivəsində aparılan qiymətləndirmələrə görə, ölkədə hər il adambaşına təqribən 24 kq plastik tullantı yaranır. Bu gün Avropa İttifaqı ölkələri, digər inkişaf etmiş dövlətlər plastik qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq üçün müvafiq qadağalar və məhdudiyyətlər tətbiq edir, qanunvericiliklərini təkmilləşdirir, bu tip tullantıların təkrar istifadəsi sistemləri yaradırlar. Ölkəmizdə də bu istiqamətdə müvafiq diqqət çəkən fəaliyyətlər həyata keçirilir. Məlumunuz olduğu kimi son illər paytaxt ərazisində illik layihə gücü 500 min ton olan 4-cü nəsil Balaxanı zibilyandırma müəssisəsi, illik gücü 200 min ton olan məişət tullantılarının çeşidlənməsi zavodu, tullantıların təkrar istifadəsi və emalını nəzərdə tutan Balaxanı Sənaye Parkı (eko-sənaye-parkı) yaradılmışdır. Müzakirənizə çıxarılan qanun layihəsində müvafiq qanunun 46-cı maddəsinin adından və 1-ci hissəsindən "fiziki” sözünün çıxarılması təklif olunur. Bununla bu müddəanın əhatə dairəsi genişləndirilir, yalnız "zərərli fiziki təsir” yox, bütövlükdə "zərərli təsir” yanaşması tətbiq olunur, eyni zamanda həmin maddəyə aşağıdakı məzmunda yeni hissə əlavə edilir: "Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarəti, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır". Bunun səbəbi bəzi amillərlə izah oluna bilər. Məsələn, 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar təkrar emala qayıtmır. Eyni zamanda, bu torbalar çox yüngül çəkili olduğundan su hövzələrinə, kanalizasiya borularına ilişib qalır. Bundan əlavə, onlar torpaq qatında çürümədən qalıb kiçik mikrohissəciklərə parçalanır, bitkilərə, kənd təsərrüfatı məhsullarına, dolayısıyla insan orqanizminə zərər vurur. Onu da qeyd etmək lazımdır ki, plastik qablarda saxlanılan qidalar zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür və bununla da insan sağlamlığına zərər vurur”.