Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.