Ermənistan “çirkli bomba” hazırlamağa çalışır

44 günlük ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan hazırda bütün sahələrdə dərin böhran yaşayır. Ölkədə həm daxili siyasi gərginlik, həm də sosial-iqtisadi tənəzzül pik həddədir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə "barışa” bilməyən qüvvələr bu gün də hakimiyyətə gəlmək iddialarını ortaya qoyur, yeni yaranmış imkanlardan Ermənistanın böhrandan çıxışı, regional əməkdaşlıq üçün yararlanmaq əvəzinə, qisas bəyanatları verir, cinəyatkar mövqe nümayiş etdirirlər.

Belə bəyanatlardan biri bu yaxınlarda Ermənistan parlamentində səsləndirilib. Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası daimi komissiyasının iclasında "Metsamor” AES-in fəaliyyəti dövründə əhəmiyyətli miqdarda radioaktiv tullantı, həmçinin "istehsal tullantıları" kimi təsnif edilməyən radioaktiv yanacaq istehsal edildiyini vurğulayıb.

O, qeyd edilən komissiyanın rəhbəri, "Çiçəklənən Ermənistan” partiyasından olan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün mümkün istifadəsi barədə sualını cavablandırarkən belə bir açıqlama verib.

Melkumyan, xüsusilə, Ermənistan AES-in istismarından sonra qalan radioaktiv tullantıların hərbi məqsədlər üçün, məsələn, ölkənin müdafiə qabiliyyətini və özünümüdafiə sisteminin imkanlarını artırmaq naminə istifadə edilə biləcəyini soruşub.

"Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyə təmin edə bilərikmi?",- deyə Melkumyan soruşub. Onun sualına cavab olaraq nazir müavini bildirib ki, bu vəziyyətdə yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar.

"Sualınıza cavab nəzəri olaraq həmişə "bəli”dir. Buna baxmayaraq, bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandırılmaqla əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji inkişafdan istifadə etməliyik, deyə bilmərəm”,- deyə Vardanyan əlavə edib.

Eyni zamanda o, Ermənistanın bu məqsədə çatmaq üçün belə texnoloji sıçrayış edə biləcəyinə dair suala cavab verməkdə çətinlik çəkib. Onun sözlərinə görə, qarşısına belə iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük elmi mərkəzləri olmalıdır.

Ermənistan parlamentində ilk dəfə deyil ki, açıq şəkildə Azərbaycana qarşı istifadə ediləcək "çirkli bomba" yaratmaq imkanları müzakirə olunur. Ermənistanın 2016-cı il aprel döyüşlərindəki məğlubiyyətindən sonra parlamentin o vaxtkı deputatı, sabiq baş nazir Hrant Baqratyana nüvə silahına malik olduqlarını demişdi.

Azərbaycan Prezidenti İlham Əliyev həmin il mayın 23-də İstanbulda Dünya Humanitar Sammitinin plenar iclasında çıxışı zamanı bildirmişdi ki, bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış "Metsamor” Atom Elektrik Stansiyasıdır:

"Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın "çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır”.

İstismar müddəti başa çatmış "Metsamor” AES-in təkcə Azərbaycana deyil, bütün regiona açıq təhlükə olduğunu ölkəmiz dəfələrlə bəyan edib, bu problemi beynəlxalq müstəvidə qaldırıb. Təəssüf ki, beynəlxalq birlik, xüsusilə MAQATE bu istiqamətdə lazımi addımları atmayıb.

Qeyd edək ki, AES-in birinci enerji bloku 1976, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra proses dayandırılmışdı. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib, iki il sonra 2-ci enerji bloku istimara verilib. Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyət göstərir.

Ötən il Ermənistan rəsmiləri "Metsamor" AES-in istismar müddətinin 2026-cı ilədək artırılacağının nəzərdə tutulduğunu, lakin onun təmirdən sonra 2036-cı ilə qədər də istismar edilə biləcəyini bəyan ediblər.

Görünən odur ki, bu, "canlı bomba"nın ömrü uzadıldıqca, onun potensial təhlükəsi də artır və Ermənistan regionu təhdid etməyə davam edir.
avision.az