Pakistan Baş naziri İmran Xan yoxsul ölkələrin borclarının pandemiyanın sonuna qədər dayandırılmasını və bunun nəticələrini aradan qaldırmaq üçün bir sıra digər addımların atılmasını təklif edib.
TASS xəbər verir ki, bu barədə o, BMT Baş Məclisinin koronavirusla mübarizə üzrə xüsusi iclasında deyib.
"Birincisi, aşağı gəlirli və ən imkansız ölkələr üçün pandemiyanın sonuna qədər borc ödənişlərinin dayandırılmasıdır. İkincisi, ən az inkişaf etmiş ölkələrin borclarının silinməsi”, - deyə pakistanlı nazir bildirib.
Bununla yanaşı, o təklif edib ki, digər inkişaf etməkdə olan ölkələrin dövlət sektoru borcları razılaşdırılmış formada, hərtərəfli çoxşaxəli əsasda yenidən qurulsun və 500 milyard dollar məbləğində xüsusi kredit çəkmə hüquqları ayrılsın.
Xan eyni zamanda, kasıb ölkələrin insanlarına ucuz qiymətə qısamüddətli kreditlər verəcək beynəlxalq mexanizm yaratmağı da təklif edib. Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdən kütləvi miqdarda qanunsuz vəsait axını dayandırılmalıvə korrupsioner siyasətçilər və cinayətkarlar tərəfindən oğurlanan vəsaitibu dövlətlərə qaytarmaq üçün təcili tədbirlər görülməlidir.