Bu gün "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilib.
Trend-in məlumatına görə, iclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bir müddət əvvəl Azərbaycanda bir çox kateqoriyalara malik olan işçilərin hər biri ilə bağlı qanunun qəbul edilməsinə dair təkliflərin səsləndirildiyini bildirib: "Artıq dövlət qulluqçularının etik-davranış qaydaları ilə bağlı qanun qəbul edilib. Belə getsə, digər kateqoriyalarla da bağlı qanun qəbul etmək lazım olacaq”.
Komitə sədri bələdiyyə orqanlarının Azərbaycanın bütün əhalisini əhatə edən özünüidarə qurumu olduğunu bildirib: "Bu təşkilat dövlət qulluğundan sonra idarəetmə sistemində ikinci qurumdur. Eyni zamanda, bir çox kateqoriya işçilərinin etik davranış qaydaları əmr, sərəncam şəklində təsbit olunub”.
A.Rəhimzadə qeyd edib ki, təqdim olunan qanun birinci oxunuşda qəbul edildikdən sonra sənəddə bir neçə kiçik redaktə xarakterli təkliflər yaranıb: "Layihənin 15-ci maddəsinin ikinci bəndində nəzərdə tutulub ki, "Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir”. Belə razılığa gəldik ki, "yerli özünüidarə orqanı” deyil, "yerli özünü idarə orqanları üçün müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir” kimi yazılsın. İkinci düzəliş 17-ci maddəyə edilib. Bu da işçi qaydasında razılaşdırılıb. Bu maddənin 17.0.1 bəndində nəzərdə tutulub ki, "Bələdiyyə qulluqçusunun davranışının etik qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir”.
Komitə sədrinin sözlərinə görə, təklif olundu ki, "birbaşa və ya” sözü çıxarılsın və "birbaşa və” kimi qeyd edilsin: "Keçən müzakirə zamanı belə qərara gəlmişdik ki, 20-ci maddənin 20.1 bəndində nəzərdə tutulan "Etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər” müddəasının "20.1.3. başqa vəzifəyə keçirmək”, "aşağı vəzifəyə keçirmək” kimi yazılsın. Bundan başqa, 20.3 bəndində göstərilən "Etik davranış qaydalarını pozmuş bələdiyyə qulluqçusuna intizam məsuliyyəti pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün müddətində tətbiq edilə bilər” sözləri "30 gün müddətində tətbiq edilir” kimi yazılsın”.