Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İslam Abduqəniyeviç,
Yenidən Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.
Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək.
Əziz İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Özbəkistanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".