Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək "Cənub Qaz Dəhlizi”nin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın "Sputnik” nəşrinə bildirib.
Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək: "Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”.
N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək: "Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”.