Dekabrın 23-də, saat 18:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
ElşadKərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.