2020-ci ilin ən önəmli hadisələrindən biri Dağlıq Qarabağ məsələsi oldu.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı mətbuat konfransında deyib. O bildirib ki, 30 il diplomatiya ilə həllini tapmayan Qarabağ problemi meydanda həll olundu, Azərbaycan haqqını geri aldı.
"Türkiyə olaraq Azərbaycana tam dəstəyimizi verdik. Bu dəstək sadəcə qardaş olduğumuz üçün deyil, həm də Azərbaycanın haqlı olduğu üçün idi. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, Naxçıvan dəhlizinin açılması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına dönməsi prosesində də Azərbaycanın yanında olacağıq və beynəlxalq müstəvidə öz dəstəyimz davam etdirəcəyik".
Çavuşoğlu, həmçinin bildirib ki, hazırda Qarabağda ortaq Türkiyə-Rusiya Monitorinq Mərkəzi qurulur:
"Əsgərlərimiz Azərbaycana getdi. Dünən Soçidə həmkarım Lavrovla bu məsələləri müzakirə etdik. Əgər Ermənistan atəşkəsə riayət edərsə, Azərbaycanın, eyni zamanda bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşarsa, münasibətlər normallaşa bilər. Prezident İlham Əliyevin, həmçinin Türkiyə Prezidenti Ərdoğanın bu istiqamətdə açıqlamlarını xatırlayırsınız. Bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı yararlanacaq. Ona görə də qarşı tərəfdən hərəkət gözləyirik".(azvision.az)